“Kəlbəcər Azərbaycan iqtisadiyyatının ayrılmaz bir hissəsinə çeviriləcək” Gündəm

“Kəlbəcər Azərbaycan iqtisadiyyatının ayrılmaz bir hissəsinə çeviriləcək”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban xanım Əliyeva Kəlbəcər rayonunda səfərdə oldular və sakinlərlə görüş keçirildi. Görüşdə Prezident İlham Əliyev nitq söylədi, çox maraqlı məqamlara toxundu. Onu qeyd etməliyik ki, Kəlbəcər təkcə Azərbaycanın deyil, regionun və dünyanın ən füsunkar məkanlarından biridir. Kəlbəcər rayonunun çox böyük turizm potensialı var və Kəlbəcərdə çox zəngin yataqlar mövcuddur. Kəlbəcərin yenidən qurulması, Kəlbəcərə həyatın qaytarılması nəticə etibarı ilə Kəlbəcər rayonunun iqtisadiyyatının Azərbaycan iqtisadiyyatına birləşdirilməsi ümumilikdə Azərbaycanın iqtisadiyyatının gücləndirilməsinə gətirib çıxaracaqdır ki, məhz bu səpkidən də Azərbaycan dövləti tərəfindən mərhələli şəkildə layihələr həyata keçirilir. Biz inanırıq ki, tezliklə Kəlbəcərdə çox sayda iş yerləri yaradılacaq və orada yaşayan keçmiş məcburi köçkünlərin - Kəlbəcər sakinlərinin məşğulluq problemi ən yüksək səviyyədə həllini tapacaq”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.

Deputat vurğulayıb ki, ilk növbədə onu qeyd etməliyik ki, məhz 1990-cı illərin əvvəllərindən Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqları işğal edildi və çox təəssüflər olsun ki, məhz Kəlbəcərin işğal edilməsindən sonra bu proses daha da sürətləndi: “Keçmiş Dağlıq Qarabağ vilayəti və onun ətrafındakı 7 rayonun işğal prosesi həyata keçirildi. Məhz Kəlbəcərin işğalından sonra Ermənistan və separatçılar öz istəklərinə çatdılar. Uzun illər ATƏT-in Minsk qrupu çox təəssüflər olsun ki, sülh yolu ilə bu problemi həll etmək istəmədilər və nəticə etibarı ilə Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad etmək məcburiyyətində qaldı. Ali Baş Komandan cənab Prezident İlham Əliyevin uğurlu diplomatik həmlələri nəticəsində Kəlbəcər, Laçın, Ağdam bir güllə atılmadan Azərbaycana geri qaytarıldı. Amma çox təəssüflər olsun ki, o zaman bu əraziləri tərk etmək üçün möhlət verildi, erməni xisləti isə burada da özünü göstərdi. Ermənilər bu ərazilərdən çıxanda belə bu ərazilərə daha çox ziyan vurmaq istədilər. Kəlbəcərin meşələrini qırdılar, oradakı evləri yandırdılar, çox sayda minalar basdırdılar. Bu da sonradan dinc şəraitdə bizim hərbçilərimizin və mülki şəxslərin şəhid olmasına və ya yaralanmasına gətirib çıxardı. Ancaq istənilən halda Azərbaycan bunu bacardı və bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı quruculuq, abadlıq işləri həyata keçirir”.

N.Həmzəyevin sözlərinə görə Azərbaycan hökuməti Kəlbəcərə həyatın yenidən qayıtması üçün əlindən gələn bütün layihələri və işləri həyata keçirir: “Həmçinin Kəlbəcərdə su elektrik stansiyaları tikilir ki, bu da Kəlbəcərin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsini həyata keçirəcək. Eyni zamanda istifadəyə verilən yeni yaşayış kompleksinə qaz da çəkilib və bu da bir ilkdir. Çünki dağlıq ərazilərə qazın çəkilməsi o qədər asan məsələ deyil. Ümumilikdə, Kəlbəcər rayon mərkəzində 10 minə yaxın əhalinin yaşaması planlaşdırılır. Sonrakı dövrlərdə təbii ki, digər ərazilərdə də bu cür quruculuq, abadlıq işləri həyata keçiriləcək. Kəlbəcər Azərbaycan iqtisadiyyatının ayrılmaz bir hissəsinə çeviriləcək və Azərbaycan turizm imkanlarını daha irəli götürəcək. Bu ərazilər yaxın 5 il ərzində yerli və xarici turistlərin ən çox səfər edəcəyi məkana çevriləcək. Biz bütün bu prosesləri izlədikdə çox sevinirik. Çünki 5 il bundan öncə biz bunları çox çətinliklə xəyal edə bilərdik. Ancaq bu gün bütün bunların hamısı reallaşıb və sakinlərlə cənab Prezidentin, Mehriban xanımın söhbətləri əsnasında da biz insanların nə qədər sevincli olduğunu gördük. Biz sevinirik ki, keçmiş məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdırlar. Biz inanırıq ki, bu proses hər ötən gün daha sürətlə həyata keçiriləcək və bizim bütün keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına qaydıcaqlar”.

Röya İsrafilova