“XXI əsrdə köhnə təfəkkürlə münasibətləri qorumaq mümkün deyil” Gündəm

“XXI əsrdə köhnə təfəkkürlə münasibətləri qorumaq mümkün deyil”

“Rusiya Cənubi Qafqaz respublikaları ilə siyasi münasibətlərdə istədiklərinə nail olmayanda həmin ölkədən idxal olunan kənd təsərrüfatı mallarında genə tapırlar və ona görə də ölkəyə buraxılmadığını deyirlər. Belə görünür ki, genə Rusiyanın siyasi təzyiq alətidir. Görünür baş nazirin müavini Aleksey Overçukun Ermənistana 5 gün əvvəl etdiyi səfəri istədikləri kimi nəticələnməyib”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

A.Badamov əlavə edib ki, o cümlədən son günlər ermənilər Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxardılmasını tələb edən aksiyalar keçirirlər: “Bunun da Ermənistanın Rusiyaya göndərdiyi kənd təsəsrrüfatı mallarında genələrin çoxalmasına və gömrükdə sanitar xidməti tərəfindən girişin dayandırılmasına səbəb olduğunu düşünürəm. Ölkələr arasındakı siyasi münasibətlər iqtisadi əməkdaşlığa təsir göstərməməlidir. XXI əsrdə köhnə təfəkkürlə münasibətləri qorumaq mümkün deyil. Ölkələr bərabərlik, suverenlik, qarşılıqlı hörmət və fayda əsasında münasibətlər formalaşdırmalıdır”.

Röya İsrafilova