Türkiyə-Ermənistan sərhədi açılma perspektivi: Ermənistan nə etməlidir? Gündəm

Türkiyə-Ermənistan sərhədi açılma perspektivi: Ermənistan nə etməlidir?

Ötən həftə Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistanda səfərdə olub. Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Ermənistan-Türkiyə sərhədindəki "Marqara" nəzarət-buraxılış məntəqəsində Serdar Kılıçla görüşüb. Görüş zamanı əsas müzakirə mövzusu Türkiyə-Ermənistan sərhədlərinin açılması olub.

Türkiyə-Ermənistan sərhədlərinin açılması persektivi varmı?

Bu istiqamətdə millət vəkilləri, politoloqlar fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüb.

“Bu, bütün Cənubi Qafqaz üçün yeni mərhələnin başlanğıcı ola bilər”

Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib ki, Türkiyə ilə Ermənistan arasında sərhədin açılması məsələsi uzun illərdir regionun ən həssas mövzularından biri olaraq qalır: “Qarabağ münaqişəsi və onun doğurduğu siyasi nəticələr iki ölkə arasında divarların qalxmasına səbəb oldu. O vaxtdan bəri sərhədin bağlı qalması yalnız iqtisadi əlaqələrdə deyil, həm də bölgədə sabitliyin və inteqrasiyanın önündə ciddi maneə kimi dayanır. Bu günlərdə Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçın Ermənistana səfəri və Ermənistan tərəfdən Ruben Rubinyanla sərhəd məntəqəsində görüşü diqqət çəkir. Çünki sərhədin açılması məsələsi təkcə ikitərəfli münasibətlərin istiləşməsi deyil, həm də bütün Cənubi Qafqaz üçün yeni mərhələnin başlanğıcı ola bilər. Qapalı qapılar arxasında illərlə davam edən gərginliklərin, sərt bəyanatların, qarşılıqlı ittihamların yerini indi ehtiyatlı optimizm və diplomatik jestlər tutur”.

“Sülh danışıqları buna birbaşa təsir göstərir”

Deputat əlavə edib ki, ancaq reallıq odur ki, sərhədin açılması prosesinə Qarabağ münaqişəsinin nəticələri, eləcə də Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları birbaşa təsir göstərir: “Türkiyə hər zaman Azərbaycanla strateji tərəfdaşlıq xəttini qoruyub və bu gün də Bakının mövqeyi Ankaranın qərarlarında mühüm rol oynayır. Əgər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanarsa, sərhədin açılması ehtimalı daha da yüksələcək”.

“İqtisadi məntiq sərhədlərin açılmasını diktə edir”

A.Hüseynovun bildirdiyinə görə, bununla yanaşı, iqtisadi məntiq sərhədlərin açılmasını diktə edir: “Ermənistan uzun illərdir regional layihələrdən təcrid olunub, Türkiyə isə Qafqazdan Orta Asiyaya uzanan yeni nəqliyyat xətlərinə xüsusi önəm verir. Sərhədin açılması həm Ermənistan üçün iqtisadi nəfəs, həm də Türkiyə üçün əlavə tranzit imkanları deməkdir. Sosial baxımdan isə illərdir bir-birindən ayrı düşmüş insanların əlaqələri bərpa oluna bilər. Məlumdur ki, danışılan mövzular artıq gələcəyin qapısını aralamaqdadır. Bəlkə də ilk dəfədir ki, sərhədin açılması sözü bu qədər real səslənir. İndi əsas məsələ odur ki, diplomatiya yarımçıq qalmasın və uzun illərin bağlı qapıları həqiqətən də açılsın”.

“Əlaqələrdəki intensivləşmənin baş verməsi normal qəbul edilməlidir”

Milli Məclisin deputatı Naqif Həmzəyev qeyd edib ki, Vaşinqton danışıqlarından sonra hazırda Türkiyə-Ermənistan münasibətlərində yaxınlaşmanın və əlaqələrdəki intensivləşmənin baş verməsi normal qəbul edilməlidir: “Çünki faktiki olaraq Türkiyə-Ermənistan sərhədinin bağlı olmasının əsas səbəbi Azərbaycan və Ermənistan arasında olan münaqişə idi, xüsusilə də Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi faktı idi”.

“Azərbaycanın razılığı olmadan bu real görünmür”

Deputat vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh sənədi imzalanacağı təqdirdə sərhədlərin açılması da reallaşa bilər: “Türkiyə tərəfi bu prosesləri yaxından izləyir, Türkiyə Azərbaycanla razılaşdırmadan, Azərbaycanın razılığı olmadan Türkiyə və Ermənistan sərhədinin açılması real görünmür. Ancaq istənilən halda Zəngəzur dəhlizinin işə düşməsi ilə Ermənistanın da bu şəbəkəyə qoşulması arzuolunandır və bu da planlara uyğundur. Düşünürəm ki, Ermənistan da bu şəbəkəyə qoşulmaqla həm Azərbaycan vasitəsilə Şimal-Cənub nəqliyyat dəhlizinə qoşula biləcək, eyni zamanda, Türkiyə vasitəsilə Avropaya da çıxış əldə etmiş olacaq”.

“Digər kommunikasiyaların açılması da gözlənilir”

Onun sözlərinə görə, buna paralel olaraq Azərbaycan və Ermənistan arasında digər kommunikasiyaların açılması da gözlənilir: “Ermənistan prosesləri sürətləndirərsə, götürdükləri öhdəlikləri yerinə yetirərsə, təbii ki, biz ən qısa zamanda sülh sazişinin imzalanmasına şahidlik edə biləcəyik. Həmçinin nəqliyyat dəhlizlərinin açılması, infrastruktur layihələrinin sürətlənməsi və eləcə də bütün bu proseslərlə paralel olaraq Ermənistan-Türkiyə sərhədində də açılma reallaşa bilər”.

“Artıq bunun üçün xüsusi bir maneə yoxdur”

Politoloq Turan Rzayev bildirib ki, Türkiyə-Ermənistan sərhədi açıla bilər, artıq bunun üçün xüsusi bir maneə də yoxdur: “Ermənistan faktiki olaraq Azərbaycanla sülh prosesindədir və hazırkı durumları nəzərə alsaq prosesə sadiqlik nümayiş etdirirlər. Bildiyim qədəri ilə sonuncu dəfə Ağrı dağının gerbdən götürülməsi məsələsi gündəmə gəlib. Bu da çox müsbət bir hadisədir. Böyük ehtimal tərəflər aralarındakı gərginliyi də aradan qaldıracaq. Yəni faktiki olaraq Türkiyə-Ermənistan sərhədinin açılması münasibətlərin normallaşmasına gətirib çıxaracaq”.

“Sərhəd-keçid məntəqəsi yaxın müddətdə açılacaq”

T.Rzayev qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması gələcəkdə Ermənistana türk şirkətlərinin axın etməsinə və iqtisadi canlanmaya gətirəcək: “Əlbəttə, türk şirkətlərinin Ermənistandakı varlığı müəyyən mənada Ermənistanın Türkiyədən iqtisadi asılılığını yaradacaq və Rusiyadan asılı olacaq Ermənistandansa, Türkiyədən asılı olacaq bir Ermənistan bizim maraqlarımıza daha çox sərf edir. Onsuz da bu asılılığın 50 faizi Türkiyədən olacaqsa, qalan 50 faizini də tədricən Azərbaycan edəcək. Yəni Sovetlər dövründə olduğu kimi Azərbaycan Ermənistana neft-qaz tədarükünə başlayandan sonra faktiki olaraq 50 faizi bizdən asılı vəziyyətə düşəcək. Burada söhbət Ermənistanı müstəmləkə etməkdən getmir. Bizim elə bir dərdimiz yoxdur. Biz imperialist dövlətlər də deyilik. Burada məsələ Ermənistan kimi kənar təsirlərə açıq bir ölkənin nəzarətdə saxlanmasından gedir ki, elə məncə bu variant daha məqbuldur. Yəni başqaları Ermənistanı təsirə salacağına biz təsirə salaq. Ən azından bilərik ki, burada sülh olacaq, gələcəkdə müharibələr olmayacaq. O baxımdan da Türkiyə və Ermənistan münasibətlərinin normallaşması baş verəcək və sərhəd-keçid məntəqəsi böyük ehtimal yaxın müddət ərzində açılacaq. Daha dəqiq desək, Ermənistan-Azərbaycan arasında paraflanmış sülh sazişi yekun saziş kimi imzalanandan sonra və ya bundan qısa müddət öncə bu proses öz həllini tapacaq”.

Röya İsrafilova