“Dünyada böhran və qarşıdumalar daha da dərinləşəcək” Gündəm

“Dünyada böhran və qarşıdumalar daha da dərinləşəcək”

Əli Zülfüqaroğlu: “Bu, yeni beynəlxalq təşkilatlar və hərbi blokların yaranmasını qaçılmaz edir”

Nyu-Yorkda böyük güclərin mövqe və nüfuz savaşı müşahidə olunub. İlk hücum Ərdoğana edilib. Onun çıxışı efirə verilən zaman səsini kəsiblər. Ukraynanın da Rusiya ilə bağlı mövqeyi olacaq. Bir sözlə, Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyasının iclası gərgin keçir və keçəcək. Bəs bu toplantı hansı nəticələrlə yekunlaşacaq?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Globalinfo.az-a açıqlamasında bilirdi ki BMT-nin toplantısı nəticə baxımından ənənəvi sessiyalardan fərqlənməyəcək.

Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, BMT başda olmaqla indiyə qədər dövlətlərarası münasibətlər sistemini tənzimləyən beynəlxalq təşkilatlar tədricən funksionallığını itirirlər.

Onun fikrincə, bura insan hüquqlarından tutmuş qida sektoruna qədər bütün istiqamətlərdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar da daxildir: “Bəllidir ki, beynəlxalq təşkilatlar qlobal maliyyə təsisatlarının törəmə quruluşlarıdır. Hazırda qlobal hərbi, siyasi, iqtisadi böhranın təməl səbəbləri də milli dövlətlərlə qlobal maliyyə təsisatlarının-qlobal imperializmin dünya hakimiyyəti uğrunda savaşıdır: “İkinci dünya müharibəsindən sonra qurulan və 1971-ci ildən “petrodollar” adlanan sistemin çöküş prosesinə qədəm qoyması mövcud dövlətlərarası münasibətlər sisteminin dağılmasına və onu tənizmləyən beynəlxalq təşkilatların çöküşünə gətirib çıxarır. Tədricən beynəlxalq təşkilatlar funksionallığını tamamilə itirəcək, yeni qurunlar, o cümlədən hərbi bloklar yaranacaq. Ona görə də müharibələr, dövlətlərin ərazi bütövlüyünün pozulması halları adi hadisəyə çevrilib. Fikir verirsinizsə, müxtəlif Qərb ölkələrində, məsələn Fransada avtoritarizm artıq təəccüb doğurmur. Bu da onu göstərir ki, heç bir beynəlxalq təşkilat dünyada mövcud problemlərin həlli ilə bağlı təsirli mexanizmlərə sahib deyil və yaxın perspektivdə də olmayacaq”.

Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, Türkiyə prezidenti Ərdoğanın BMT-də islahatların aparılması ilə bağlı hər fürsətdə çağırış etməsi günün tələbidir: “Amma göründüyü kimi xüsusilə BMT Təhlükəsizlik Şurasınını daimi üzvləri bunda maraqlı deyillər. Əgər dünyada silah satışının təqribən 80 faizi BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə aiddirsə, o zaman bu cür qurumlar konfliktləri həll etməkdə nə qədər maraqlı olacaq? Təbii ki, olmayacaq. Ona görə də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri hansısa qərarların qəbulunu veto hüququ ilə bloklamaq səlahiyyətinə malik olmamalıdır. BMT-də bütün üzv dövlətlərin səsi əsas olacağı halda, dünyada problemlərin həlli və ədalətli düzənin qurulması ilə bağlı müəyyən nəticələr əldə edilə bilər. Bunun üçün BMT-də köklü islahatlar aparılmalıdır. Düşünürəm ki, hazırki məqamda bu çox çətin görünür. Belə olacağı halda isə yeni dönəmdə yeni tələblər meydana çıxacaq. Bu da özünü dövlətlərdən üstün görən, dövlətləri mütəmadi olaraq borclandıraraq boyunduruq altına salan, müxtəlif Qərb ölkələrində, məsələn Makron və Baydenin timsalında marionetləri hakimiyyətə gətirməklə, həmin dövlətlərdən silahlı güc kimi istifadə edərək, öz maraqlarının təmin olunmasını həyata keçirən qlobal imperializmin tam çöküşü ilə mümkündür. Ona görə də qlobal maliyyə təsisatlarının deyil, milli dövlətlərin formalaşdırdığı yeni və effektiv beynəlxalq təşkilatların qurulma perspektivinin yaranma ehtimalı getdikcə artır. Yəni, görünən odur ki, milli dövlətlərlə qlobal imperializmin savaşı dünyada böhran və qarşıdumaların daha da dərinləşməsinə gətirib çıxaracaq və dünya növbəti təlatümə sürüklənəcək. Bu isə dövlətlərarası münasibətlər, eyni zamanda qlobal maliyyə sistemində ciddi dəyişikliyi, eyni zamanda yeni beynəlxalq təşkilatlar və hərbi blokların yaranmasını qaçılmaz edir”.