“Ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu günbəgün artır” Gündəm

“Ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu günbəgün artır”

“Bir neçə gün əvvəl Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilib. “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.

Deputat qeyd edib ki, dövlətimizin başçısının belə bir tədbirdə iştirak etməsi Azərbaycanla Avropa ölkələri arasında münasibətlərin inkişaf tendensiyasından xəbər verir: “Belə ki, Prezident İlham Əliyevin Tiranada "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı çərçivəsində keçirdiyi çoxsaylı ikitərəfli görüşlər, bu görüşlərdə səmimi münasibətlər və dialoqlar Azərbaycanla köhnə qitə arasında münasibətlərdə yeni səhifənin açıldığını nümayiş etdirdi. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının zirvə görüşündə iştirakı Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verdiyinin bariz nümunəsidir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu günbəgün artır. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər var. Bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolu böyükdür”.

M.Cəfərov Zirvə görüşündə iştirak edən ölkə başçısı cənab prezident İlham Əliyevin toplantı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdüyünü deyərək əlavə edib ki, görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətindən də bəhs ediblər: “Hər iki dövlət başçısı Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Ümumiyyətlə, ABŞ Prezidenti tərəfindən imzalanan Birgə Bəyannamə və paraflanan sülh sazişi təkcə Cənubi Qafqazın deyil, ümumilikdə dünyanın geosiyasi mənzərəsində ciddi dəyişikliklərə yol açıb. Görüş zamanı müzakirə edilən əsas məslələrdən biri də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” TRIPP layihəsidir. Bu marşrut təkcə Cənubi Qafqazın deyil, ümumilikdə dünyanın geosiyasi mənzərəsində ciddi dəyişikliklərə yol açacaq”.

Röya İsrafilova