Azərbaycan diplomatiyası: regional liderdən qlobal tərəfdaşa Gündəm

Azərbaycan diplomatiyası: regional liderdən qlobal tərəfdaşa

Azərbaycanın beynəlxalq nüfuzu son illərdə əhəmiyyətli şəkildə artıb. Xüsusilə 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən sonra ölkəmiz yalnız Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada – Yaxın Şərq, Qərb və Şərq dünyasında da siyasi, iqtisadi və diplomatik aktor kimi diqqət çəkir. Bu, Azərbaycanın dünya arenasında yalnız regional məsələlərdə deyil, qlobal proseslərdə də söz sahibi olduğunu göstərir.

Prezident İlham Əliyevin uzaqgörən və müstəqil siyasəti nəticəsində Azərbaycan həm Qərb, həm də Şərq ölkələri tərəfindən etibarlı və dialoqa açıq tərəfdaş kimi qəbul edilir. Ölkəmizin balanslaşdırılmış və praqmatik xarici siyasəti, ABŞ, ərəb dünyası və İsraillə qurduğu qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər Azərbaycanı mürəkkəb beynəlxalq mühitdə stabil və nüfuzlu tərəfdaş kimi təqdim edir.

Azərbaycanın regionda sabitliyi təşviq etməsi, enerji, humanitar diplomatiya və multikultural dəyərlərin inkişafı sahəsində rol oynaması, eyni zamanda Yaxın Şərqdə və beynəlxalq aləmdə sülh və təhlükəsizlik təşəbbüslərində iştirak etməsi ölkəmizin diplomatik fəallığının bariz nümunəsidir. Prezident İlham Əliyevin Misirdə keçirilən Beynəlxalq Sülh Sammitinə dəvət olunması və yüksək səviyyəli görüşləri ölkəmizin regional çərçivədən qlobal arenaya uğurlu keçid etdiyini göstərir.

“Azərbaycanın diplomatik nüfuzu genişlənir”

Milli Məclisin deputatı Günay Ağamalı deyib ki, ölkəmiz yalnız regionda deyil, daha geniş coğrafiyada, o cümlədən Yaxın Şərqdə də mühüm siyasi, iqtisadi və diplomatik aktora çevrilib: “Prezident İlham Əliyevin uzaqgörən və müstəqil siyasəti nəticəsində Azərbaycan həm Qərb, həm də Şərq dünyasının etibar etdiyi, dialoqa və əməkdaşlığa açıq tərəfdaş kimi tanınır”.

Deputatın sözlərinə görə, Azərbaycanın xarici siyasətinin əsas dayaqlarından biri balanslaşdırılmış və praqmatik yanaşmadır: “Məhz bu siyasət nəticəsində ölkəmiz həm ABŞ, həm ərəb dünyası, həm də İsraillə qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər qurub. Azərbaycan heç bir blokun tərkib hissəsi olmadan, milli maraqlarını qoruyaraq, regionda sabitlik və əməkdaşlığın təşviqində mühüm rol oynayır”.

Günay Ağamalı vurğulayıb ki, Prezident İlham Əliyevin Misirdə keçirilən Beynəlxalq Sülh Sammitinə dəvət edilməsi və keçirdiyi yüksək səviyyəli görüşlər ölkəmizin regional çərçivədən qlobal arenaya uğurlu keçidini nümayiş etdirir: “Bu gün Yaxın Şərqdə mürəkkəb siyasi proseslər fonunda Azərbaycanın sülh, təhlükəsizlik və qarşılıqlı anlaşma istiqamətindəki fəal mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan enerji, humanitar diplomatiya və multikultural dəyərlərin təşviqi sahəsində nümunəvi ölkədir.

Dövlətimizin xarici siyasəti Azərbaycanın milli maraqlarına, eləcə də regional sabitlik və inkişaf məqsədlərinə tam cavab verir. Etibarlı tərəfdaş olmaq isə Azərbaycan dövlətinin həm siyasi iradəsinin, həm də beynəlxalq nüfuzunun təzahürüdür”.

Uğurlu strategiya

Politoloq Şakir Ağayev deyib ki, Azərbaycan son dövrlər, xüsusilə 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra Cənubi Qafqazda yaratdığı yeni reallıqlar nəticəsində beynəlxalq aləmdə nüfuzunu xeyli artırıb.

Onun sözlərinə görə, artıq Azərbaycan yalnız Cənubi Qafqazda deyil, regiondan kənarda, dünyanın ən mürəkkəb bölgələrindən biri olan Yaxın Şərqdə də hadisələrə birbaşa və ya dolayısı ilə təsir etmək imkanlarına malikdir.

Şakir Ağayev qeyd edib ki, bu nüfuzun real göstəricilərindən biri Misir, Şarm əl-Şeyxdə Qəzza ilə bağlı keçirilən zirvə toplantısında 20 ölkədən biri kimi Azərbaycanın iştirakıdır: “Azərbaycan Yaxın Şərqdə artıq zirvə toplantısından öncə də öz rolunu oynayırdı. Bunun bariz nümunəsi Suriyaya qaz köməyi, göndərilən humanitar yardımlar və Suriyada diplomatik fəallığın başlamasıdır. Bu, Azərbaycanın Yaxın Şərqdə oynadığı rola bir sülh nümunəsi idi. Lakin məhz İsrail-Fələstin müharibəsində atəşkəsin elan olunmasında Azərbaycanın dəvət olunması onun beynəlxalq nüfuzunun göstəricisidir.

Azərbaycan balanslı və düzgün xarici siyasət yürüdür. Ölkəmiz həm ABŞ, həm ərəb ölkələri, həm də İsrail ilə sıx siyasi və iqtisadi münasibətlərə malikdir. Bu imkanlar Azərbaycanı mürəkkəb beynəlxalq məsələlərdə öz sözünü deməyə və rol oynamağa imkan verir. Azərbaycan yeganə müsəlman dövləti kimi həm ərəb ölkələri, həm də İsrail ilə yaxın münasibətlərə malikdir və bu münasibətlər bir-birinə zidd deyil. Diplomatiyamız Azərbaycanın milli maraqları çərçivəsində hər bir tərəflə əlaqələri inkişaf etdirir.

Bu status Azərbaycanı etibarlı tərəfdaş kimi təqdim edir. ABŞ prezidenti də açıq şəkildə bildirdi ki, Prezident İlham Əliyevin burada iştirakı onun üçün çox önəmlidir. Bu, Azərbaycanın bölgədə və Yaxın Şərqdə oynadığı rola verilən yüksək qiymətin bariz nümunəsidir”.

Günel Elxan