

“Bu gün pensiya islahatları özündə bir neçə element və istiqamət əks etdirir. Hesab edirəm ki, bunlardan ilk növbədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) öz vəsaitlərini və ya artıq qalan vəsaitini investisiya və hansısa formada digər sahələrdə istifadə edərək gəlir əldə etməsidir. Yəni əlavə gəlirlərin qazanması üçün müəyyən istiqamətlərdə istifadə etməsidir ki, bu, pensiya artımına və pensiya fondunun vəsaitlərinin artmasına təsir edə bilər”.
Bunu xalqcebhesi.az-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib.
Onun bildirdiyinə görə, digər bir məsələ özəl pensiya fondlarının yaranmasıdır: “Bu da uzun müddətdir müzakirə olunan və gözlənilən bir məsələdir. Belə ki, özəl pensiya fondları vətəndaşın pensiya vəsaitlərinin artımına, əlavə gəlir əldə etməsinə, həmçinin digər üstün cəhətlərə və xüsusiyyətlərə malik ola biləcək. Eləcə də hesab edirəm ki, qarşıdakı illərdə insanlarımızın orta yaş həddi arta bilər, pensiyaçıların sayında artım ola bilər və bu istiqamətdə də islahatların aparılması nəzərdə tutulur”.
Röya İsrafilova