“Macarıstan sadəcə öz maraqlarından çıxış edir” Gündəm

“Macarıstan sadəcə öz maraqlarından çıxış edir”

Əli Zülfüqaroğlu: “Ona qarşı beynəlxalq cəza mexanizminin tətbiq olunma ehtimalı çox aşağıdır”

Avropa İttifaqının (Aİ) Xarici Siyasət üzrə Ali Nümayəndəsi Kaja Kallas, “ICC-nin həbs qərarı verdiyi birini Avropada qonaq etmək xoş mənzərə deyil”,-deyib.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Macarıstanın paytaxtı Budapeştdə zirvə görüşünün keçirilməsi ehtimalı Avropada böyük müzakirələrə səbəb olub.

Əgər bu görüş baş tutsa, Putin həm sanksiyalar, həm də Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarı ilə üzləşən lider kimi Ukraynaya işğalın başlanmasından bəri ilk dəfə Avropa torpağına ayaq basacaq.

Bazar ertəsi Lüksemburqda görüşən Avropa İttifaqının xarici işlər nazirləri Trampın diplomatik təşəbbüslərini dəstəkləmək və ICC-nin legitimliyini müdafiə etmək arasında incə balans yaratmağa çalışıblar.

Macarıstan 2026-cı ildə BCM-dəki üzvlüyünü rəsmən dayandırsa da, məhkəmənin tərəfi olaraq qalır. Ölkə İsrailin baş naziri Binyamin Netanyahuya qarşı əvvəllər verilmiş həbs orderini də icra edə bilməyib.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarları daha çox siyasi xarakter daşıyır: “Məsələn, Netanyahu Qəzzada daha çox qırğınlar və dağıntılar törətsə də, ilkin vaxtlarda Beynəlxalq Cinayət Məhkəməsi onun haqqında həbs qərarı verməmişdi. Halbuki daha öncə bu addım atıla bilərdi. Sadəcə, Birləşmiş Ştatlarda ictimai rəy müharibənin davam etdirilməsi fonunda Baydenin əleyhinə idi və Netanyahu Baydenin hakimiyyətdən getməsi üçün müharibənin davam etdirilməsində maraqlı oldu.

Nəticədə Baydenin seçkidə səs itirməsində rol oynadı. Məhz bundan sonra Netanyahu haqqında Beynəlxalq Cinayət Məhkəməsi həbs orderi verdi. Bu onu göstərir ki, burada siyasi proseslər ciddi rol oynayır.

Hazırda Netanyahu ən yaxın müttəfiqi olan Britaniyaya belə səfər edə bilimir. Bu da İsrailin diplomatik manevr imkanlarını məhdudlaşdırır”.

Əli Zülfüqaroğlunun fikrincə, böyük dövlətlərlə bağlı isə bu cür qərarın verilməsi onların beynəlxalq siyasi fəaliyyətinə köklü şəkildə təsir edə bilmir.

Siyasi şərhçi hesab edir ki, Macarıstan görüşünün baş tutma ehtimalı kifayət qədər yüksəkdir. Amma Macarıstana hansısa cəza mexanizminin tətbiq olunacağı ehtimalı demək olar ki, yoxdur: “Bir sıra ölkələr var ki, məsələn, Rusiya, İsrail, Türkiyə, Amerika Birləşmiş Ştatları Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil.

Macarıstan Avropa İttifaqından tamamilə fərqli siyasət yürüdür, daha çox Rusiya və Birləşmiş Ştatlarla yüksək səviyyəli əlaqələrini davam etdirməkdə maraqlı görünür.

Təbii ki, Birləşmiş Ştatlarla Rusiya arasında da pərdəarxası müəyyən razılaşmalar var. Xüsusilə Ukrayna məsələsi ilə bağlı Tramp Putinlə yüksək səviyyəli əlaqələrə malikdir və hər iki tərəf bir birinin maraqlarını nəzərə alır.

Bu səbəbdən də Macarıstan sadəcə, öz maraqları kontekstində çıxış edir və ona qarşı hansısa beynəlxalq cəza mexanizminin tətbiq olunma ehtimalı çox aşağıdır”.