“Ermənistanda vətəndaş qarşıdurmasının olması qaçılmaz görünür” Gündəm

“Ermənistanda vətəndaş qarşıdurmasının olması qaçılmaz görünür”

“Diqqətlə baxsaq görərik ki, hazırda Ermənistanda Rusiya tərəfdarı revanşist qüvvələrlə, Qərbə meyilli olan Paşinyan komandası arasında mübarizə gedir. Əslində bu mübarizə uzun zamandır davam edir. İndi isə deyə bilərik ki, döyüş son və həlledici mərhələyə qədəm qoyub. Bu mərhələdə hansı tərəfin qalib gəlməsi isə təkcə Ermənistanın dövlət kimi taleyinə deyil, həm də regional və qlobal proseslərə ciddi təsir göstərəcək”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.

Onun sözlərinə görə, əgər Ermənistan cəmiyyəti, erməni xalqı son illərdə olduğu kimi yenə də Nikol Paşinyan və komandasına dəstək verərsə, o zaman Ermənistanın sülh və sabitlik şəraitində inkişafının əsası qoyulacaq: “Bu, regionda həyata keçirilən iqtisadi layihələrdən Ermənistana da pay düşməsini təmin edəcək. Nəticədə, dağılmış, iflas etmiş Ermənistan iqtisadiyyatının bərpası üçün əlverişli şərait, demək olar ki, «qızıl dövr» yaranacaq. Əks halda, başqa ssenari reallaşarsa, Ermənistan Rusiya üçün nəinki «forpost» olaraq qala, ümumiyyətlə, lazımsız, vassal tipli bir əyalətə çevrilə bilər. Çünki Moskva bu dəfə Ermənistana elə bir şəxsi hakimiyyətə gətirə bilər ki, həmin şəxs özünü Ermənistanın rəhbərindən daha çox, Rusiyanın hansısa vilayətinin qubernatoru kimi hiss etsin. Nəticədə erməni xalqı müstəqil ölkənin vətəndaşları kimi deyil, Rusiyanın idarə etdiyi bir əyalətin sakinləri kimi yaşayacaq”.

N.Azəri qeyd edib ki, artıq xeyli müddətdir Ermənistanda Rusiyanın təsiri altında olan müxalifətin müxtəlif cinahlarda fəallaşması hiss olunur: “Birinci cinah Köçəryan–Sarkisyan cütlüyü ilə bağlıdır. Xatırladaq ki, R.Köçəryan bu yaxınlarda Moskvaya səfər edəndən sonra daha da radikallaşıb. İkinci cinah iqtisadi sahədə formalaşıb: burada Rusiya orbitində olan iş adamları və belə deyək ki, iş dünyasındakı çirkablara bulaşmış siyasətçilər fəallaşıblar. Məsələn, hazırda həbsdə olan Rusiyameyilli iş adamı Samvel Karapetyan və yenə də Rusiyanın təsir orbitində olan keçmiş baş nazir Karen Karapetyan kimi şəxlər. Məlumat üçün qeyd edim ki, S.Karapetyanın yaratdığı “Bizim Yol” hərakatı bəyan edib ki, seçkilərdə baş nazirliyə K.Karapetyanın namizədliyini irəli sürəcək. Bu ikinci cinahdan dəstək alan, amma uzun illər, hətta əsrlər boyu Rusiyanın Ermənistandakı sözçüsü rolunu oynayan üçüncü cinah isə kilsədir. Maraqlıdır ki, İkinci Qaragen bu günlərdə bəyanat verərək Paşinyan qarşısında geri çəkilməyəklərini bildirib. Ən maraqlısı isə odur ki, o, həmin bəyanatı guya kilsəyə ziyarətə gələn sadə insanlar qarşısındakı çıxışında səsləndirib. Guya ona görə deyirəm ki, sonradan bu ziyarətin də “Bizim Yol” tərəfindən təşkil edildiyi ortaya çıxıb. Yəni göründüyü kimi Rusiya bütün cəbhələrdə Paşinyan və komandasına qarşı hücuma keçib”.

O həmçinin bildirib ki, bütün bu proseslərin nəticəsi yenə, əslində, Ermənistan üçün «ölüm-qalım» məsələsidir: “Tərəflər tarana gedir və mübarizədə hansı tərəfin qalib gələcəyinə dair qərarı erməni ictimaiyyəti verəcək. Əgər ermənilər, nəhayət ki, xarici təsirə, işğalçı güclərin göstərişlərinə əsaslanan siyasətdən qurtulub, müstəqil siyasəti, bununla da sabit və davamlı inkişafı seçmək niyyətindədirlərsə, o zaman Paşinyan və komandası dəstəklənməlidir. Çünki Paşinyan komandasının məqsədi uzun illər ərzində Ermənistanı mənəvi, siyasi, dini, ideoloji və iqtisadi olaraq «işğal» altında saxlayan qüvvələri tədricən cəmiyyətdən “təmizləməkdir”. Bu təməlli dəyişikliklərin nə qədər uğurlu olacağını isə seçki ərəfəsində baş verən proseslər və seçkilərin nəticələri göstərəcək. Yəni Ermənistan cəmiyyətinin hansı tərəfdə durmasından asılı olaraq bu döyüşün nəticələri aydın olacaq. İstənilən halda Ermənistanda vətəndaş qarşıdurmasının olması qaçılmaz görünür”.

Röya İsrafilova