"Qəzza fələstinliləri HƏMAS-dan, bir-iki ölkənin saxta dəstəyindən uzaqlaşmalıdır" Gündəm

"Qəzza fələstinliləri  HƏMAS-dan, bir-iki ölkənin saxta dəstəyindən uzaqlaşmalıdır"

Qəzzada atəşkəsin pozulması və yüzdən çox fələstinlinin öldürülməsi əldə edilmiş sülh razılaşması istəklərinin heçə endirilməsi anlamına gəlir.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

Atəşkəsin HƏMAS tərəfindən pozulduğu və bundan sonra İsrail güclərinin Qəzzanı ağır raket atəşinə tutduğu deyilir.

"HƏMAS razılaşmanın ikinci mərhələsinə görə silahsızlandırılmalıdır. Amma bunun baş tutacağı mümkün deyil. Çünki HƏMAS silahı buraxmayacaq. Ümumiyyətlə, Qəzzaya sülh gəlməsi üçün qəzzalıların kənardan gələn saxta dəstəkdən məhrum olması lazımdır. Qəzza xalqı sakit yaşamağın ancaq İsraillə sülh içində yaşamaqda olmasını başa düşməlidirlər. Kənardan saxta vətənpərvərlik qışqırtmaları ilə heç nəyə nail olunmayacağını görməlidirlər" - politoloq deyib.

O qeyd edib ki, müəyyən ölkələrin ancaq sözdə və öz maraqları naminə yalançı vədlərinə aldanmamalıdırlar. Bu günə kimi Fələstin xalqının başına gətirilən bəlalardan İran və digər ölkələr məsuldurlar. Yalandan verilən vədlər və HƏMAS-a edilən yardımlar ancaq HƏMAS liderlərinin varlanmasına səbəb olub:

"Təxribatla məşğul olaraq Qəzza xalqını atəşə ataraq İsrailə qarşı həm məlum terror hadisəsini, həm də bundan öncə təxribatlar törədiblər. Bu baxımdan, hesab edirəm ki, Qəzza fələstinliləri ilk növbədə HƏMAS-dan, sonra isə ətraf bir-iki ölkənin saxta dəstəyindən uzaqlaşmalıdır. Bundan sonra Qəzzaya sülh gələcək. Onda heç bir sülhməramlıya da ehtiyac qalmayacaq".

Cavid