Azərbaycan dili: yeni çağırışlar və milli məsuliyyət Gündəm

Azərbaycan dili: yeni çağırışlar və milli məsuliyyət

Azərbaycan dilinin saflığının qorunması, onun inkişafı və dövlətçilik düşüncəsinin əsas dayaqlarından biri kimi milli kimliyin mühüm atributu kimi yaşadılması bu gün daha böyük aktuallıq kəsb edir. Qloballaşma proseslərinin sürətləndiyi, dillərin təbii mühitdə təzyiqə məruz qaldığı bir zamanda Azərbaycan dövləti milli dilin qorunmasını strateji prioritet kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda səsləndirdiyi fikirlər də bu istiqamətdə dövlətimizin qətiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısı qeyd etdi ki, dil milli mənəvi sərvətimiz, dövlətçilik əsasımızdır və onun saflığının qorunması hər kəsin, xüsusilə də ziyalıların üzərinə ciddi məsuliyyət qoyur.

Bu çağırış fonunda ziyalı təbəqəsinin, eləcə də ictimai institutların dilin inkişafı, təmizliyinin təmin edilməsi və orfoqrafiya mədəniyyətinin qorunması istiqamətində fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Dil məsələsi təkcə elmi problem deyil, həm də milli kimlik, mədəni təhlükəsizlik və ideoloji davamlılıq məsələsidir. Məhz buna görə son illərdə həm dövlət səviyyəsində, həm də ictimai təşəbbüslər çərçivəsində dilimizin qorunması və təbliği məqsədilə bir sıra sistemli tədbirlər həyata keçirilir.

Dilin saflığı — milli kimlik və dövlətçilik məsələsi

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədr müavini Gülyaz Əliyeva bildirib ki, Azərbaycan dilinin qorunması istiqamətində illərdir aparılan mübarizə həm ziyalıların fədakar fəaliyyəti, həm də ictimai təşəbbüslərin nəticəsidir.

Onun sözlərinə görə, bu istiqamətdə daim önəmli işlər görmüş ziyalılarımız olub: “Dilin qorunması məsələsində Nəriman Qasımoğlu, Qulu Məhərrəmli, Vasif Sadiqli, Səadət Şıxıyeva, İradə Musayeva kimi ziyalıların adlarını çəkmək yerinə düşər. Onlar daim dilin qorunması üçün çalışmış, müxtəlif vaxtlarda bu məsələyə toxunmuş, ziyalıları bir nöqtədə birləşdirməyə çalışmış və bir neçə dəfə bu mövzuda Prezidentə, Milli Məclisə müraciət etmişlər. Dilin küçə məkanında təhrif olunması ilə bağlı dafələrlə rəsmi qurumlara müraciət edilib. Bakı küçələrində əcnəbi dildə reklamların yayılması və orfoqrafiya normalarının pozulması ilə bağlı həm Milli Məclisə, həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də tanınmış ziyalılara, deputatlara müraciətlər olunub. 2020-ci ildə Vasif Sadiqlinin rəhbərliyi ilə “Dil Monitorinq Mərkəzi” yaradıldı. Həmin mərkəz mütəmadi olaraq Bakı mərkəz küçələrində olan səhvləri faktlarla toplayıb aidiyyəti orqanlara göndərib. Mən də o qrupun sədr müavini idim.

Həmin il paytaxtın əsas mərkəz küçələrində geniş linqvistik monitorinq aparılıb.Azərbaycan prospekti, Fəvvarələr meydanı, Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə, Füzuli küçələrində bütün obyektlərin şəkilləri çəkilib, dilçilik baxımından təhlil olunub. Müstəqillik dövründə dövlət səviyyəsində dilə xüsusi qayğı göstərilib və bu istiqamətdə mühüm sənədlər imzalanıb.

2002-ci ildə “Dövlət dili haqqında Qanun”, 2012-ci ildə dövlət proqramı, 2018-ci ildə Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fərman imzalanıb. 165 ziyalının imzaladığı müraciət nəticəsində “qoşa y” problemi ilə bağlı yanlış adımların qarşısı alındı. Bu da Dil Araşdırmalar və Dil Monitorinq Mərkəzinin təşəbbüsü idi.

Buna baxmayaraq, cəmiyyətdə dilə məsuliyyətsizlik hələ də qalır.Təəssüflər olsun ki, monitorinqlər göstərir ki, Bakıda reklam lövhələrində daha çox əcnəbi dillərdən istifadə olunur. Azərbaycan dilində yazılanlarda isə ciddi orfoqrafiya pozuntuları mövcuddur. Rəsmi şəxslərin, məmurların tribunada dilimizi təhrif etməsi isə başqa bir problemdir”.

Dilçilərin passivliyi

Gülyaz Əliyeva bir qisim ziyalıların da məsuliyyətsizliyini qeyd edib: “Ən böyük məsuliyyətsizlik bəzən dilçilər və ədəbiyyat adamları tərəfindən olur. Dilçilərin passivliyi adamı sarsıdır. Yazıçılar və şairlər də dilin bədii-estetik simasını zədələyir, dili süni şəkildə yad sözlərlə yükləyirlər.Mərkəz rəsmisi xaricdə yaşayan azərbaycanlılar arasında ana dilinə münasibətlə bağlı araşdırmaları da diqqətə çatdırıb.2021-ci ildə xarici ölkələrdə yaşayan soydaşlarımızla müsahibələr apardıq. Kanada, Latviya, Sankt-Peterburq, Macarıstan, Almaniya, Türkiyə və digər ölkələrdə. Bir çox ölkələrdə həftəsonu məktəbləri fəaliyyət göstərsə də, bəzilərində kadr çatışmazlığı və valideynlərin laqeydliyi səbəbindən bağlanıb”.

O, bəzi soydaşlarımızın bu sahədə xüsusi xidmətlərini qeyd edib: “Kanadada, Niderland, Türkiyə, Latviyada bu sahədə müəyyən işlər görürlür. Diaspor mühitində Azərbaycan dilinin yaşadılması üçün çalışılır və hətta digər millətlərin uşaqlarını belə bu prosesə cəlb edilir”.

G.Əliyeva sonda Azərbaycan dilinin zənginləşdirilməsinin əsas yolunu vurğulayıb: “Xarici sözlər gətirməkdənsə, dialekt və arxaik sözlərimizdən istifadə edilməlidir. Vasif Sadiqli və Atena Darmanbayın dialektoloji lüğətləri bu baxımdan mühüm mənbədir. Cənab Prezident İlham Əliyev də bildirib ki, dilin saflığının qorunması hər bir vətəndaşın borcudur. Biz də bu istiqamətdə çalışmağa davam edəcəyik”.

“Dilin gücü – millətin gücü”

AMEA-nın aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü diqqətə çatdırıb ki, Azərbaycan dilinin saflığının qorunması, onun inkişafı və zənginləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı da milli-mənəvi dəyərlərin və ana dilinin qorunmasına dövlətin yüksək önəm verdiyini bir daha təsdiqləyir: “Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl dil siyasəti ana dilimizin qorunması, təbliği və zənginləşdirilməsi istiqamətində mühüm mərhələlər yaradıb. Dövlət başçısının Azərbaycan dili ilə bağlı fərman və sərəncamları, çıxışları dilimizin inkişafı üçün möhkəm hüquqi və mənəvi baza formalaşdırır”.

Dosent vurğulayıb ki, hər bir dilin zənginləşməsində daxili imkanların rolunu artırmaq başlıca məsələdir: “Bu prosesdə əcnəbi sözlərin yersiz şəkildə dilə daxil edilməsi ciddi narahatlıq doğurur. Azərbaycan dili minilliklər boyu inkişaf edib, formalaşıb və bugünkü səviyyəsinə gəlib çatıb. Bu səbəbdən dilimizin təmizliyini qorumaq hər bir vətəndaşın həm mənəvi borcu, həm də vətəndaşlıq mövqeyidir. Ailədə uşaqlara ana dilinin sevdirilməsi mühüm şərtlərdəndir: “Əgər biz övladlarımıza kiçik yaşlarından nağıllar, şeirlər, xalq ədəbiyyatı nümunələri ilə dilimizin gözəlliyini aşılasaq, onlar bu mühitdə böyüyəcək və dilimizin möcüzəsini duyacaqlar.Dilin qorunması üçün düzgün danışıq qaydalarına əməl olunmalı, şifahi və yazılı dil normaları dəqiqliklə gözlənilməlidir. Xalqımız folkloru ilə dilin bədii imkanlarını ortaya çıxarıb, ədiblərimiz isə yazılı dilin gücünü dünyaya tanıdıb. Buna görə də bu xəzinəni yad ifadələrlə korlamaq olmaz”.

“Dilimizin inkişafı üçün geniş imkanlar var”

Təranə Şükürlü qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrində əsassız yeni sözlərin işlədilməsi narahatlıq doğurur: “İzah əvəzinə açıqlama, cəmiyyət əvəzinə toplum, qadağa əvəzinə yasaq , məşhur yerinə ünlü və digər bu kimi ifadələrin məcburi şəkildə tətbiqi dilimizin təbii ahənginə uyğun gəlmir. Dilin zənginləşməsinin əsas yolu onun daxili imkanlarından, dialekt və şivələrindən istifadədir. Qloballaşma dövründə dilimizin inkişafı üçün geniş imkanlar var. Amma bunu yad təsirlər hesabına yox, dilimizin öz gücü ilə etməliyik. Prezidentin bu istiqamətdə imzaladığı sənədlər də məhz ana dilimizin təmizliyinin qorunmasına xidmət edir və hər bir vətəndaşa məsuliyyət yükləyir”.

Günel Elxan