
Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan Hərbi paradda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirak etməsi və Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnlərinin səsləndirilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən sonra Türkiyə Prezidenti Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin çıxış etmələri üç ölkənin sarsılmaz qardaşlığının bir daha təcəssümüdür.
Elə Pakistan, Türkiyə və Azərbaycan siyasiləri də qəzetimizə bu qardaşlıqdan bəhs ediblər.
Pakistanın tanınmış jurnalisti, “Pakistan dünya mediasında” saytının rəhbəri Tazeen Akhtar deyib ki, artıq bütün sahələrdə nümunəvi əlaqələri və əməkdaşlığı olan Pakistan hər zaman Azərbaycanın yanındadır. Pakistan dövləti və xalqı Azərbaycanın hər bir milli gününün - istər Müstəqillik günü, istər Bayraq günü, istər Qələbə gününün sevincinə şərikdir: “Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevin şəxsi dostudur və onlar əməkdaşlığın təşviqi ilə bağlı daim əlaqə saxlayır, inkişaf və müdafiə təcrübələrini bölüşürlər, çünki hər ikisi öz regionlarında dövlətlərinin müdafiəsi ilə bağlı demək olar ki, eyni tarixə və dinamikaya malikdirlər.
Üstəlik, baş nazir Şahbaz Şərif 1990-93, 97-99, 2013-2017-ci illərdə baş nazir olduğu müddətdə Azərbaycanla sıx əlaqələr qurmağın əsl pioneri olan keçmiş baş nazir Navaz Şərifin kiçik qardaşıdır. Və nəhayət, Pakistan nəinki bütün dünyada müstəmləkə dövlətlərinin müstəqilliyini dəstəkləyib, həm də onların dövlətçiliyini ilk tanıyan ölkə olub. Azərbaycan qonşu Ermənistanın təcavüzünün qarşısını almaqla kifayətlənməyib, son 3 onillikdə Ermənistanın qeyri-qanuni işğalı altında olan Qarabağdakı torpaqlarını işğaldan azad edib, BMT isə bu ərazilərin Azərbaycana məxsus olduğunu etiraf edib. Pakistan qeyri-qanuni işğal olunmuş Cammu və Kəşmirdə qonşu Hindistandan eyni vəziyyətlə üzləşir. Pakistan bu ilin may ayında hiyləgərcəsinə müharibə elan etmədən ölkəmizə hücum edən Hindistanı məğlub edərək tarix yazdı.
Bu və bir çox digər oxşar və eyni məsələlər və çağırışlar Pakistan və Azərbaycanı daha da yaxınlaşdırır və öz vətəndaşlarının təhlükəsizliyi, dövlətlərinin təhlükəsizliyi və regionlarında sabitlik üçün müttəfiqlik yaradır.
Baş nazir Şahbaz Şərif bütün ölkələrlə tərəfdaşlıq şəraitində işləməyin və əlaqələr qurmağın vacibliyini dərindən dərk edir, Azərbaycan buna maksimum layiqdir, çünki tariximiz, adət-ənənələrimiz, mədəniyyətimiz, dinimiz eyni və ortaqdır.
Türkiyə qardaş üçbucağı yaradan və G2G-dən P2P-yə qədər hər səviyyədə milli birlik nümunəsi təqdim edən üçtərəfli ittifaqımızın üçüncü küncüdür. Hər üç ölkənin xalqının ürəyi birlikdə döyünür. Sevincimiz də, kədərimiz də ortaqdır. Məhz buna görə də əvvəlki şüar, iki dövlət bir millət, Pakistan və Türkiyə haqqında, indi üç dövlət bir millət kimi yenidən təyin oluna bilər”.
Gənclər Diplomatiya Forumunun prezidenti (Pakistan) Musavar Hameed Tanoli: “Noyabrın 8-də Pakistan və Türkiyə prezidentlərinin Bakıda Azərbaycanın Qələbə Günü paradında iştirak etmələri regional münasibətlərdə mənalı məqamdır. Bu, təkcə ortaq diplomatiyanı deyil, həm də üç xalqı tarix, mədəniyyət və iman vasitəsilə birləşdirən davamlı qardaşlıq ruhunu əks etdirir. Onların Bakıda olması güclü birlik, hörmət, sülh və firavanlıq üçün kollektiv baxış mesajı verir.Bu illər ərzində Pakistan, Türkiyə və Azərbaycan zəfər və sınaq anlarında bir-birinin yanında olublar. Ortaq dəyərlərə söykənən həmrəylik kimi başlayan proses indi müdafiə, ticarət, təhsil və texnologiyanı əhatə edən tərəfdaşlığa çevrilib. Bu artan əməkdaşlıq regional sabitliyi gücləndirmək və müsəlman dünyasının daha geniş tərəqqisinə töhfə vermək üçün qarşılıqlı istəyi simvollaşdırır. Xalqların gəncləri üçün bu ittifaqın xüsusi əhəmiyyəti var. Gənclər innovasiyaları, sahibkarlığı və mədəni mübadilələri idarə edən bu yeni dövrün memarlarına çevrilirlər. İstər tələbə mübadilə proqramları, istər rəqəmsal əməkdaşlıq, istərsə də gənclər forumları vasitəsilə gələcək nəsil diplomatik xoşməramlı real dünya təsirinə çevirir. Pakistan, Türkiyə və Azərbaycan dostluğu artıq rəsmi görüşlər və ya mərasimlərlə məhdudlaşmır. O, gənc zehinlər, yaradıcı ideyalar və daha bağlı və dinc gələcəyə ümumi ümidlə dəstəklənən canlı bağa çevrilir. Bu ölkələrin gəncləri liderliyi ələ aldıqca, onlar nəinki dostluq irsinə hörmətlə yanaşırlar, həm də inam, əməkdaşlıq və kollektiv ambisiyaya əsaslanan müasir ittifaqı formalaşdırırlar".
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauzun fikrincə, Türkiyə-Azərbaycan-Pakistan qardaşlığı tarixi köklərə dayanır. Bu dostluq və qardaşlıq Azərbaycan müstəqil olduqdan sonra mərhələ-mərhələ daha da möhkəmlənib. Pakistan və Türkiyə bütün beynəlxalq təşkilatların tribunalarda Azərbaycanın haqq işini müdafiə edib, Ermənistanın işğalçılıq siyasətinə qarşı birgə səsini ucaldıb.
"2020-ci ildə 44 günlük müharibədə Azərbaycana mənəvi, siyasi dəstək verən ölkələrin başında Türkiyə və Pakistan dayanıb. Savaşdan sonra əməkdaşlıq digər mərhələyə keçib, iqtisadi, siyasi, regional təhlükəsizlik məsələlərdə birgə addımlar atılıb. Türkiyə, Azərbaycan və Pakistan üçtərəfli görüşü ötən il Astanada gerçəkləşib. Bu görüşdə hərbi, iqtisadi, siyasi, müdafiə məsələləri ilə bağlı bir yol xəritəsi hazırlanıb. Bu toplantılar sırasında növbəti görüş bu il mayın 28-də Laçında gerçəkləşib. Ötən ildən bu ilə qarşıya qoyulan fəaliyyətlərin həyata keçirilməsi gözdən keçirilib" - general deyib.
O, qeyd edib ki, Pakistan mövcud müdafiə sənayesi anlamında dünyanın öndə olanlardan biri və müsəlman dünyasında tək nüvə silahına malik ölkədir. Pakistan yerləşdiyi coğrafiyada hərbi, müdafiə sahəsində böyük təcrübəyə malikdir. Azərbaycan Pakistanda müasir qırıcı təyyarələr alıb ki, dünən keçirilən paradda onlar nümayiş olunub. Bu Azərbaycan ordusunu uzun müdət hava hücumundan qoruyacaq çox əhəmiyyətli addımdır. Eyni zaman da bu, dostluq və qardaşlıq örnəyidir: "Bu üç ölkə arasında yaxşı və pis gündə bir olmaq, bir-birinə dəstək olmaq mühüm əhəmiyyət kəsb edən amildir. Zəfərin 5-ci ilində Bakıda üç ölkə liderinin bir araya gəlməsi keçmişi dəyərləndirərək gələcəyə baxış çox önəmlidir. Çünki risklərin yarandığı, çoxaldığı bu dünyada Tütküstan coğrafiyasına yaxın Asiyanın gücü olan Pakistan ordusu, Qafqazın regional gücü və ən güclü ordusu Azərbaycan ordusu, həm Avropaya, həm Asiya, həm də Orta Doğuda NATO-nun ikinci böyük Ordusuna malik Türkiyənin əməkdaşlıq etməsi önəmli hadisədir. Bu qardaşlığın gələcəkdə müxtəlif sahələrdə daha da güclənəcəyi regional təhlükəsizliyin təminatında böyük rol oynayacaq və regionda təhlükəsizliyi pozmaq istəyən qüvvələr üç qardaş ölkənin gücü qarşısında aciz qalacaqlar".
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay: “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər digər dövlətlərdən fərqlidir; beynəlxalq əlaqələr tarixi baxımından qiymətləndirildikdə ən əhəmiyyətliləri arasında yer alır. 44 günlük müharibə və ondan sonrakı dövrdə Türkiyənin Azərbaycana verdiyi əhəmiyyətli dəstək və iki liderin görüşmək üçün hər fürsətdən istifadə etməyə davam etməsi münasibətlərin hər keçən gün daha da inkişaf etməsinə şərait yaradıb. Türkiyə Azərbaycanın qələbə paradına sadiqliyini nümayiş etdirdi. Bundan başqa, Pakistan Baş naziri Şahbaz Şərifin bu mərasimlərdə iştirakı Türkiyə-Pakistan-Azərbaycan münasibətlərini durmadan yaxşılaşdırır. Son zamanlar qlobal miqyasda ciddi müharibə riskini nəzərə alaraq, İran və Pakistan da daxil olmaqla Türk Dövlətləri Təşkilatı regionda hərbi seçimlərdə daha geniş ittifaqı ön plana çıxaracaq”.
Politoloq Bakir Bakir Həsənbəyli isə deyib ki, Zəfər Paradı təkcə Vətən müharibəsində qazanılmış Qələbənin beşinci ildönümünün qeyd olunması deyil, həm də Azərbaycanın gücünün, müstəqilliyinin, ordusunun qüdrətinin, ən əsası isə Türkiyə və Pakistanla birliyinin nümayişi idi.
"Mərasimdə Azərbaycan Prezidenti ilə yanaşı Türkiyə Prezidenti və Pakistan Baş nazirinin iştirakı bu qardaşlıq münasibətlərinin ən parlaq təzahürlərindən biri kimi tarixə düşdü. Bu hadisə sadəcə hərbi güc nümayişi yox, həm də mənəvi birliyimizin, ortaq tarixi və gələcəyə hesblanmış mesaj idi. Bir neçə ay öncə Laçın şəhərində üç qardaş və dost ölkənin liderləri tarixi zirvə görüşü keçirdilər. O görüşdə səslənən fikirlər və qəbul edilən qərarlar paradda nümayiş olunan birgə iştirakın əsas siyasi və strateji təməlini təşkil etdi. Laçın Zirvəsi yeni geosiyasi reallığın başlanğıcı, ortaq maraqlara əsaslanan əməkdaşlıq platformasının ilk mərhələsi idi" - politoloq deyib.
O, qeyd edib ki, görüşdə müzakirə olunan məsələlər təhlükəsizlik, müdafiə sənayesi, enerji və nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də regional sabitliyin qorunması idi: "Bu, qardaş ölkələrin gələcək üçün müəyyənləşdirdiyi əsas strateji xəttdir. Strateji tərəfdaşlıq təkcə hərbi sferada deyil, diplomatik, iqtisadi və mədəni sahələrdə də sürətlə dərinləşir. Türkiyə və Pakistanın hərbi nümayəndə heyətləri tədbirdə iştirak etdilər. Tribunadan üç ölkənin bayraqları dalğalandı. Pakistan Silahlı Qüvvələrinin hərbiçiləri Azərbaycan əsgərləri ilə eyni sırada addımladılar. Türkiyə Hərbi Qüvvələrinin nümayəndələri bir daha qardaş ölkənin yanında olduqlarını dünyaya göstərdilər. Prezident Türkiyə və Pakistanla qardaşlığın əbədi və dönməz olduğunu qeyd etdi, bu birliyin gələcəkdə böyük layihələrdə enerji, kommunikasiya və müdafiə sahələrində davam etdiriləcəyini bəyan etdi. Azərbaycan artıq tək deyil. Onun yanında hər zaman Türkiyə və Pakistan kimi güclü, nüfuzlu, prinsipial dövlətlər dayanır. Bu gün bir millət, üç dövlət formulu regionda ədalətin, sabitliyin və yeni əməkdaşlıq modelinin bünövrəsini qoyur".
Cavid