“Əsas məsələ ABŞ Prezidenti və hökumətindən asılıdır” Gündəm

“Əsas məsələ ABŞ Prezidenti və hökumətindən asılıdır”

“BMT Təhlükəsizlik Şurasının ABŞ layihəsi əsasında qəbul etdiyi qətnamə Trampın 20 maddəlik Qəzza planının, necə deyərlər, BMT nəzdində rəsmiləşməsidir. Bilindiyi kimi, Trampın Qəzza zolağında atəşkəs və yenidən inşa planı artıq işə düşüb. İlkin mərhələdə Qəzzada atəşkəs əldə olundu, daha sonra əsir və girovlar, eləcə də cəsədlər dəyişdirildi. İndi isə növbəti mərhələ, yəni Qəzzanın idarə şurası yaradılacaq, hansı ki, prezident Tramp sədrlik edəcək. Habelə, bura yerli hökumət, sülhməramlı qüvvələrin tərkibi və nəhayət, zolağın yenidən qurulması məsələləri daxildir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu söyləyib.

K.Rövşənoğlu qeyd edib ki, BMT qətnaməsi de-fakto bir təsirə malik olmasa da, hüquqi baxımdan bu olana legitimlik gətirir: “Bu mənada sənəd əhəmiyyətlidir. Çünki buna qədər prosesin BMT dəstəyi olmadan ABŞ tərəfindən həyata keçirildiyi görüntüsü var idi. Lakin indi BMT TŞ artıq sənədə dəstək vermiş olur. Ancaq bundan sonra daha mürəkkəb və çətin proses başlayacaq. Daha əvvəl də qeyd etdiyimiz kimi, burada əsas məsələ ABŞ Prezidenti və hökumətindən asılıdır. Çünki Qəzzada hər hansı olanın icrası üçün İsrailə real təzyiq imkanları lazımdır. Bu isə hələlik yalnız ABŞ-yə məxsusdur. Bu mənada Fələstin məsələsində Vaşinqtonun tutacağı mövqe həlledicidir”.

Onun bildirdiyinə görə, lakin eyni zamanda etiraf etmək lazımdır ki, Tramp planının uğurlu olması şübhəlidir, çünki bu olan faktiki olaraq Fələstin münaqişəsinin həlli ilə bağlı hər hansı relax bir təklif irəli sürmür: “Daha çox Qəzza zolağında atəşkəs və yenidənqurmanı əhatə edir. Bu isə necə deyərlər, yarımçıq yanaşmadır. Çünki problemin köklü həlli üçün münaqişə həll olunmalı, müstəqil Fələstin dövləti yaranmalıdır. Yalnız bundan sonra bölgəyə köklü sülh gələ bilər”.

Röya İsrafilova