“Orta Dəhliz yeni iqtisadi mərhələ yaradır” Gündəm

“Orta Dəhliz  yeni iqtisadi mərhələ yaradır”

"Azərbaycan son illərdə Orta Dəhlizin əsas dayaqlarından biri olmaq üçün genişmiqyaslı nəqliyyat-logistika islahatları həyata keçirir".

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkənin həm Şimal–Cənub, həm də Şərq–Qərb xətti üzrə infrastrukturunu yeniləməsi və yeni nəqliyyat şəbəkələri yaratması yükdaşımaların həcminin sürətlə artmasına şərait yaradıb:

"Azərbaycanın Gürcüstan üzərindən Qara dənizə və Türkiyəyə birbaşa çıxış əldə etməsi son dövrdə yükdaşımaların həcmini təxminən 90% artırıb. O qeyd edib ki, bu artım hələ son deyil və Azərbaycan Qara dənizdə yeni limanların icarəsi, həmçinin yeni liman infrastrukturunun tikintisi üçün ciddi sərmayələr yatırır.15 milyon ton yükgötürmə qabiliyyətinə malik Zəngəzur dəhlizinin 2028-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır. İlkin mərhələdə milyonlarla ton yük daşınacağı gözlənilir və sonrakı dövrdə bu həcmin 20 milyon tonu keçməsi mümkündür. Azərbaycanın Orta Asiya ölkələri ilə sıx əməkdaşlığı, xüsusilə vahid gömrük qaydaları və tarif mexanizmlərinin tətbiqi, mövcud çətinlikləri aradan qaldıracaq və Orta Dəhlizə marağı daha da artıracaq. Bu addımlar yükdaşımaların həcmini kəskin şəkildə artıracaq. Cənubi Qafqazda sülh gündəliyinin irəliləməsi, dayanıqlı təhlükəsizliyin təmin olunması, Zəngəzur dəhlizinin və Ermənistanla digər kommunikasiya xətlərinin açılması Orta Dəhliz üzrə daşımaların bir neçə dəfə artmasına səbəb olacaq əsas siyasi amillərdir".

N.Həmzəyev bildirib ki, qarşıdakı 3–5 il ərzində Orta Dəhlizin daha aktiv və intensiv istifadə ediləcəyi gözlənilir ki, bu da növbəti onilliklərdə marşrutun ən sürətli, ən təhlükəsiz və əvəzolunmaz yol kimi mövqeyini möhkəmləndirəcək:
"Yaxın gələcəkdə Orta Dəhliz üzərindən yaşıl enerjinin ötürülməsi prosesinə də başlanılması real görünür. Onun sözlərinə görə, artıq kabel xətlərinin çəkilməsi və yaşıl enerji layihələrinin icrası üçün texniki imkanlar araşdırılır və Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış sənədlər bu istiqamətdə ciddi irəliləyişlərin olacağını göstərir".

Günel Elxan