ABŞ-nin sülh prosesinə qoşulması: proses nə vəd edir?
19 Noyabr 23:38

ABŞ-nin Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru Con Herbst qeyd edib ki, ABŞ-nin Azərbaycan və Ermənistanla münasibətlərini yaxşılaşdırması regional əlaqələrə xidmət edir.
Baş direktorun bildirdiyinə görə, bu il avqustun 8-də Vaşinqtonda imzalanan Birgə Bəyannamə həm Bakıya, həm də İrəvana bir-birilərinə qarşılıqlı güzəşt və maraqların tətbiqi üçün yol açır: “Hazırda Tramp administrasiyası Cənubi Qafqaz və Mərkəzi Asiyaya ciddi şəkildə diqqət yönəldib. Vaşinqton Azərbaycanla da, Ermənistanla da münasibətlərini yaxşılaşdırmaqdadır. Bu yaxınlaşma regional əlaqələrə, iqtisadi və təhlükəsizlik əməkdaşlığın xidmət edir”.
ABŞ-nin sülh prosesinə qoşulmasının əhəmiyyəti nədən ibarətdir?
“Xalq Cəbhəsi” mövzunu politoloqlarla araşdırıb.
ABŞ-nin Cənubi Qafqaz siyasəti
Politoloq Aytən Qurbanova bildirib ki, Tramp administrasiyasının Amerikanın Cənubi Qafqaz siyasətində ciddi redaktələr etdiyini aydın şəkildə müşahidə etmək mümkündür: “Xüsusilə də, regionun əsas güc mərkəzi olaraq Azərbaycan ilə əlaqələrə verilən önəm ABŞ-nin Cənubi Qafqaz siyasətindəki bu redaktələrin başlıca istiqamətlərini formalaşdırır. Heç şübhəsiz ki, ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar və Azərbaycan tərəfindən formalaşdırılan sülh gündəliyi rəsmi Vaşinqton tərəfindən açıq və konkret şəkildə dəstəklənir. Düşünürəm ki, ABŞ-nin xarici siyasətində son zamanlarda Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələrə verilən xüsusi önəmin əsas səbəbi məhz Azərbaycanın müəllifi olduğu yeni regional münasibətlər sistemidir”.
Sülh və sabitliklə bağlı yeni model
A.Qurbanovanın sözlərinə görə, uzun illərdir ki, dağıdıcı ideologiyaların və işğalçılıq siyasətinin hədəfi olan Cənubi Qafqaz bu gün sülh və sabitliklə bağlı yeni model yaradıb, eləcə də qlobal aktorlar üçün geostrateji önəm kəsb edən bölgəyə çevrilib: “Məhz bu baxımdan yanaşdıqda rəsmi Vaşinqtonun Azərbaycan tərəfindən yeni regional təhlükəsizlik arxitekturasının formalaşdırılması və çoxtərəfli əməkdaşlıq imkanlarının dəyərləndirilməsi istiqamətində atılan addımları dəstəkləməklə sülh prosesinin önəmli tərəfdaşlarından birinə çevrildiyini aydın şəkildə ifadə etmək olar. Bu isə öz növbəsində Ermənistanın Azərbaycan, eləcə də paralel şəkildə Türkiyə ilə davam edən normallaşma prosesi çərçivəsində götürdüyü öhdəliklərinin icrası ilə bağlı mütləq təsir imkanlarına malikdir”.
O həmçinin deyib ki, ABŞ Vaşinqton sazişinə əsasən kommunikasiyaların açılması ilə bağlı əldə olunmuş razılıqların həyata keçirilməsində əsas maraqlı tərəflərdən biri kimi çıxış edir: “Nəticə etibarilə, ABŞ-nin sülh prosesinə qoşulması sülhün davamlılığının təmin edilməsi üçün müsbət təsir imkanlarını artırmaqla yanaşı, çoxtərəfli regional münasibətlər sistemi çərçivəsində qüvvələr balansının aydın təzahürü kimi də ifadə edilə bilər”.
Yeni imkanlar
Politoloq Elman Telmanoğlu deyib ki, ABŞ-nin Cənubi Qafqazdakı sülh prosesinə aktiv şəkildə qoşulması region üçün bir neçə əsas istiqamətdə əhəmiyyət kəsb edir: “İlk növbədə, Vaşinqtonun həm Azərbaycan, həm də Ermənistanla münasibətləri paralel şəkildə yaxşılaşdırması iki ölkə arasında davam edən normallaşma prosesinə əlavə diplomatik dəstək verir. Avqustun 8-də imzalanan Birgə Bəyannamə də ABŞ-nin tərəflərə qarşılıqlı güzəştlər üçün platforma yaratmaq niyyətini nümayiş etdirir. ABŞ-nin prosesdə iştirakının artması regionda geosiyasi balansı genişləndirir. Bu isə həm iqtisadi əlaqələrin inkişafı, həm nəqliyyat-logistika xəttlərinin açılması, həm də təhlükəsizlik əməkdaşlığının dərinləşməsi baxımından yeni imkanlar yaradır…”.
Röya İsrafilova