22:29
455
"Ermənistan cəmiyyətində ciddi qütbləşmə müşahidə olunur və bu qütbləşmənin mərkəzində Nikol Paşinyan ilə erməni kilsəsi arasındakı qarşıdurma dayanır".
Bunu politoloq Sabir Məmmədli Xalqcebhesi.az-a açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, Paşinyana qarşı olan rusiyapərəst qüvvələr kilsənin nüfuzundan istifadə edərək ona təzyiq göstərir: "Eyni zamanda bir neçə keşişin həbs olunması cəmiyyətdə ciddi qıcıq doğurub. Paşinyan faktiki olaraq kilsəni neytrallaşdırmağa çalışır, amma bu, böyük risklər daşıyır. Kilsə həm ölkədaxili, həm beynəlxalq, həm də diaspor təsiri baxımından çox nüfuzlu mərkəzdir və Rusiya ilə bağlılığı onun gücünü daha da artırır. 2026-cı ildə seçkilər yaxınlaşır və bütün siyasi qüvvələr buna hazırlaşır. Paşinyan müxalif qüvvələri sıradan çıxarmağa çalışsa da, kilsə ilə açıq çəkişmə onun planını çətinləşdirə bilər.
Kilsə bütün imkanlarını, o cümlədən xaricdəki təsir kanallarını Paşinyana qarşı səfərbər edib. Paşinyanın keşişlərin etik pozuntularına istinad etməsi nəticə verməyəcək, çünki erməni toplumunda bu məsələlər ictimai qəzəb doğuran qeyrət-namus məsələsi kimi qəbul olunmur”.
Sabir Məmmədli bildirib ki, vergi məsələsi və kilsə nümayəndələrinin davranışları ilə bağlı ittihamlar gərginliyi daha da artırır:
“Paşinyan kilsə ilə mübarizədə asanlıqla məqsədinə çata bilməyəcək, bu, ona ciddi baş ağrısı yaradacaq. Hadisələrin gedişi isə seçkilərə yaxın situasiyanın hansı istiqamətə yönələcəyini göstərəcək”.
Günel Elxan