“Bu, Ukraynanı Rusiya qarşısında tək qoymaqdır” Gündəm

“Bu, Ukraynanı Rusiya qarşısında tək qoymaqdır”

“Rusiyanın artıq Donbas cəhbəsində irəlilədiyi barəsində məlumatlar var, Severskə daxil olduğu və Slavyanska çox yaxınlaşdığı bildirilir. Bunlar mühüm məntəqələrdir, Donbasın taleyini həll edəcək məntəqələrdir. Rusiya tərəfi maksimum şəkildə çalışır ki, Donbasdakı məsələni həll edərək danışıqlar masasına otursun. Mediada Trampın təkliflər elə sürdüyü yer alıb. Mediada iddia olunur ki, Trampın təkliflərinə görə Donbas və Krım Rusiya ərazisi kimi tanınacaq. Lakin hələ bu barədə rəsmi təsdiq yoxdur. Yəni danışıqlar masasına oturana qədər, saziş bağlanana qədər Rusiyanın maksimum şəkildə niyyəti Donbas məsələsini həll etmək və Ukraynadan bu əraziləri almaqdır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Z.Əmrəliyev ABŞ-nin buna isti baxdığını söyləyib: “Çünki Ukraynaya stratejik silahların, “Tomahawk” roketlərinin verilməsi nəzərdə tutulurdu. Tramp bu planlarından imtina etdi. Yəni bu, faktiki olaraq Ukraynanı Rusiya qarşısında tək qoymaqdır və əsas niyyət də Zelenskini kapitulasiyaya məcbur etməkdir. İndi burada əsas məsələ budur ki, Ukrayna hakimiyyəti bu məsələləri necə tənzimləyəcək? Çünki Qərb tərəfindən də Ukraynaya qarşı ciddi şəkildə təzyiq var. Qərb mətbuatı Zelenski hakimiyyətinin ən yüksək fiqurlarına qarşı faktiki təzyiq kampaniyasına stat verib. Onlar korrupsiya əməllərində ittiham olunurlar. Onlar haqqında müxtəlif səpkili məqalələr dərc olunur. Bu fakt da onu göstərir ki, ağıllarında müəyyən dərəcədə mübahisə var. Yəni Ukrayna hakimiyyəti ilə ABŞ arasında müəyyən qədər fikir ayrılıqları var və rəsmi Vaşinqton Zelenski hökumətinə məhz bu cür təzyiq göstərməyə çalışır”.

Röya İsrafilova