“ABŞ-ın sülh planı Ukrayna üçün ciddi risklər yaradır” Gündəm

“ABŞ-ın sülh planı Ukrayna üçün ciddi risklər yaradır”

"Hazırda müzakirə olunan 28 maddəlik sülh planı tamamilə yeni plan deyil. Trampın hakimiyyətə qayıdışından sonra Zelenskiylə ilk görüşlərdə Ukraynanın bəzi əraziləri güzəştə getməsi ilə bağlı təzyiqlər artıq gündəmə gəlmişdi. Daha sonra ABŞ və Rusiya arasında Alyaska görüşlərində də oxşar məsələlər müzakirə olunub".

Bunu AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Onun fikrincə, planın hazırlanmasında Trampın kürəkəni Jared Kuşnerin iştirakı, Tramp və digər dövlət vəzifəlilərinin son anda xəbər tutması ehtimalını minimuma endirir: "Maddələr arasında Ukrayna ordusunun məhdudlaşdırılması, bəzi aərazilərin Rusiyanın təsiri altında qalması və NATO-ya qoşulmamaq öhdəliyi yer alır ki, bu Moskvanın mövqeyini leqallaşdıran bir strategiya kimi qiymətləndirilir.

Plan Tramp administrasiyasında xarici siyasət qərarlarının yeni yanaşmasını göstərir. Tramp diplomatlar və dövlət strukturlarının xaricində, öz yaxın çevrəsi ilə qərar verməyi üstün tutur. Bu isə ‘kölgə diplomatiyası’ adlanan, çevik olsa da riskli bir mexanizmdir."

Ekspert əlavə edib ki, artıq əsas məsələ kimin xəbərdar olub-olmaması deyil, planın Ukrayna üçün yaratdığı ciddi fəsadlardır: “Maddələr arasında ərazi itkiləri və hərbi məhdudiyyətlər var ki, bu faktiki olaraq təslimçi sülh, yəni Ukraynanın ciddi ərazi və hərbi güzəştlərə məcbur qalması deməkdir. ABŞ-ın təqdim etdiyi sülh planı həm yeni diplomatik kursu nümayiş etdirir, həm də Ukrayna və Avropa üçün geosiyasi risklər yaradır."

Günel Elxan