“ABŞ–Rusiya görüşünə ən real məkan: Budapeşt” Gündəm

“ABŞ–Rusiya görüşünə ən real məkan: Budapeşt”

“Macarıstanın baş naziri Viktor Orbanın mövqeyi və narahatlığı yeni deyil, çünki Budapeşt əvvəllər də böyük güclərin görüşü üçün nəzərdən keçirilən platforma olub”.

Bunu deputat Vüqar İsgəndərov Xalqcəbhəsi.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya–Ukrayna müharibəsi dövründə Macarıstanın qismən neytral mövqeyi Avropa ölkələrinin tənqidi ilə qarşılaşsa da, Viktor Orban hər zaman Macarıstanın milli maraqlarını əsas götürdüyünü vurğulayır: “Orbanın müharibənin Avropa üçün faydasız olması və uzunmüddətli perspektivdə regionun bütövlükdə ziyan görəcəyi barədə mövqeyi kifayət qədər əsaslıdır.Orbanın Ukraynanın Avropa İttifaqına və NATO-ya üzvlüyünə qarşı çıxışı da təhlükəsizlik və geosiyasi sabitliklə bağlı yanaşmadan qaynaqlanır. Eyni zamanda deputat qeyd edib ki, Viktor Orbanın ABŞ-la, xüsusilə də Donald Tramp ilə yaxın münasibətləri Budapeştin danışıqlar üçün əlverişli platforma kimi dəyərləndirilməsinə təsir göstərən mühüm faktordur.
ABŞ–Rusiya görüşü üçün Budapeştin seçilməsi təsadüfi olmayıb, lakin proses son anda ABŞ-ın faydasız sayması səbəbilə təxirə salınıb. Hazırda isə tərəflərin ritorikasında yenidən görüş ehtimalını artıran mesajlar var. Vüqar İsgəndərov hesab edir ki, sülh planı ətrafında müxtəlif variantlar ortaya atılır və həm Vaşinqton, həm Moskva, həm də digər tərəflər bu istiqamətdə ehtiyatlı, lakin açıq siqnallar verirlər”.

Deputat bildirib ki, mümkün görüşün keçiriləcəyi halda Macarıstan ən real platforma kimi görünür, lakin Türkiyənin də masaya yaxın durması diqqətdən kənarda qalmamalıdır:
“Prezident Rəcəb Tayyib Ərdoğan həm Donald Tramp, həm də Vladimir Putinlə işləyə bilən nadir liderlərdəndir. Buna görə Türkiyə də mümkün məkandır, amma bu mərhələdə Budapeşt daha real görünür.Yaxın günlərdə prosesdə irəliləyiş olarsa, ABŞ və Rusiya liderlərinin görüşünün gündəmə gəlməsi ehtimalı yüksələ bilər və həmin halda Macarıstan yenidən əsas namizəd olacaq”.

Günel Elxan