22:04
385
“ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı hazırlanmış ilkin sülh planının Ukrayna üçün nə qədər qəbul edilməz olacağı əvvəlcədən məlum idi”.
Bunu deputat Tural Gəncəliyev Xalqcəbhəsi.az-a açıqlaması zamanı söyləyib.
Onun sözlərinə görə, artıq görünür ki, Ukrayna tərəfi ABŞ-la apardığı danışıqlar nəticəsində, xüsusilə Rusiyanın milli maraqları nəzərə alınaraq hazırlanmış sülh planını qəbul etməyəcək: “Ukrayna heyəti təkidlə sülh planına, xüsusilə Rusiyanın maraqlarını nəzərə alaraq hazırlanmış variantlara qarşı çıxış edir. Lakin Ukraynanın diplomatik masadakı vəziyyəti çox ağırdır. ABŞ və Tramp administrasiyası tez bir zamanda sülh əldə edilməsini, hətta Rusiyaya qarşı müəyyən güzəştlərin verilməsini belə məqsəd kimi qoyur. Bu isə Ukrayna üçün problem yaradır, çünki ölkə müharibəyə 2022-ci ildə başladığı vaxtdan daha ağır geosiyasi və hərbi vəziyyətlə üzləşib. Ukrayna ordusunun gücünün məhdudlaşdırılması və NATO-ya üzvlük imkanlarının məhdudlaşdırılması da Kiyev üçün qəbul edilməzdir. Beynəlxalq sistemin təsirinin məhdud olması, ölkələrin ərazi bütövlüyünün real həyata keçməməsi və ikiüzlü standartlar Ukraynanın vəziyyətini daha da çətinləşdirir. Avropa İttifaqı və Böyük Britaniyanın dəstəyi, ABŞ-ın tam dəstəyi olmadan, faktiki olaraq kifayət etmir. Eyni zamanda, Avropa ittifaqının və Böyük Britaniyanın Rusiyaya qarşı hazırladığı alternativ sülh planları da Moskva tərəfindən qəbul edilməyəcək”.
Deputat Tural Gəncəliyevin fikrincə, son danışıqlarda mövcud perspektivlər müsbət görünsə də, fikir ayrılıqları böyükdür: “ABŞ bəzən Avropa İttifaqı və Böyük Britaniyanı kənarda qoyaraq Rusiya ilə birbaşa danışıqlar aparır. Bu da göstərir ki, mövcud danışıqlarda həm ixtilaflar, həm də müxtəlif güc mərkəzləri arasında fikir ayrılığı davam edir. Yaxın gələcəkdə bu danışıqların müvəffəqiyyətsiz olması, Ukraynanın sülh planını qəbul etməməsi və ya Avropa tərəfinin buna razı olmaması nəticəsində münaqişənin uzunmüddətli həllinin çətinləşməsi ehtimalı böyükdür. Ukraynanın suveren ərazilərindən imtina etməsi ölkə üçün ciddi təhlükə yaradır və fikir ayrılıqları daha da dərinləşəcək”.
Günel Elxan
22:10
364
22:09
357
22:07
378