“Cənubi Qafqazda praqmatik mərhələ başlayır” Gündəm

“Cənubi Qafqazda praqmatik mərhələ başlayır”

“Cənubi Qafqazda gedən geosiyasi proseslər fonunda Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin inkişafı region üçün yeni imkanlar açır”.

Bu fikirləri politoloq İlqar Vəlizadə xalqcebhesi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Aİ hazırda regionda reallaşdırılan bir sıra strateji layihələrdə maraqlıdır və Azərbaycan bu proseslərin mərkəzində dayanır:
“Hazırda yol-nəqliyyat infrastrukturu üzrə genişmiqyaslı işlər həyata keçirilir. Zəngəzur dəhlizi ilə bağlı perspektivlərin açılması həm Azərbaycanın, həm Avropa İttifaqının, həm də ümumi regionun maraqları baxımından strateji əhəmiyyət daşıyır. Ermənistanın daxili siyasi durumunun proseslərə ciddi təsir göstərəcəyini vurğulayıb.Əgər Ermənistanda keçiriləcək növbəti seçkilərdə Nikol Paşinyan və onun tərəfdarları üstünlük əldə etsələr, revanşist dairələr siyasi proseslərdən kənarda qalar. Bu zaman regionda türk gündəliyinin inkişafı üçün real zəmin yaranacaq və Aİ də sülh gündəliyində daha fəal rol oynayacaq. Bu isə həm Azərbaycan, həm Aİ, həm də Ermənistan üçün yeni və əlverişli şərait formalaşdıracaq. Əks ssenaridə – yəni proseslər başqa istiqamətdə inkişaf etdiyi halda – sözügedən perspektivlər risk altına düşə bilər. Bununla belə, o hesab edir ki, ikitərəfli münasibətlər yalnız Ermənistan–Azərbaycan xətti ilə müəyyənləşmir. Mərkəzi Asiyada gedən proseslər də son dərəcə vacibdir. Azərbaycan bu platformanın fəal iştirakçısıdır və Avropa–Mərkəzi Asiya münasibətlərində bir çox məsələlər məhz Azərbaycan üzərindən həyata keçirilir. Bu da ölkəmizin geniş regional gündəliyə qoşulmasını və bu gündəliyin formalaşmasına töhfə verməsini təmin edir”.

İ.Vəlizadənin sözlərinə görə, hazırda reallaşdırılan yol, nəqliyyat və enerji layihələri Xəzər hövzəsini Avropa İttifaqı ilə birləşdirən strateji xətt yaradır:
“Ona görə də praqmatik əsaslara söykənən siyasət həm Azərbaycan, həm də Avropa İttifaqı üçün mütləq müsbət nəticə verməlidir”.

Günel Elxan