“Süni şəkildə şişirilmiş qiymətlərdə enmələr başlayıb” Gündəm

“Süni şəkildə şişirilmiş qiymətlərdə enmələr başlayıb”

“Son illər ölkənin böyük şəhərlərində, xüsusilə də paytaxt Bakıdakı daşınmaz əmlak bazarında qiymətlərin ciddi bahalaşması müşahidə olunur. Uzun müddətdir davam edən qiymət artımları bazarı kifayət qədər çətin vəziyyətə salıb. Lakin son 4 ayda əmlak bazarında nəzərəçarpacaq durğunluq yaranıb və bu durğunluq süni şəkildə şişirilmiş qiymətlərdə müəyyən enmələrə səbəb olmağa başlayıb”

Bu fikirləri əmlak eksperti Elnur Fərzəliyev “Xalqcəbhəsi.az”-a açıqlamasında söyləyib.

Ekspert qeyd edib ki, bazardakı durğunluğun əsas səbəbi mənzillərin kəskin bahalaşmasıdır: “Artıq əhalinin böyük bir hissəsi hazırkı bazar qiymətlərinə uyğun olaraq mənzil ala bilmir. Köhnə tikili binalarda, xüsusilə xruşovka tipli bir otaqlı mənzillərin Bakının mərkəzi və mərkəzə yaxın ərazilərdə qiyməti 90–120 min manat arasında dəyişir. Bu mənzillər hazırda bazarda ən ucuz bir otaqlı variantlar hesab olunur. Yeni tikililərdə isə qiymətlər daha yüksəkdir və otaq sayı artdıqca qiymətlər də kəskin şəkildə yüksəlir. Hazırda alıcıların marağı daha çox paytaxtın ətraf ərazilərinə — Abşeron, Masazır, Xırdalan və digər bölgələrə yönəlib. Bu zonalarda həyət evlərinin qiymətləri daha münasib olduğundan bir çox vətəndaş mərkəzdə mənzil almaq əvəzinə həmin ərazilərə üz tutur. Əmlak bazarında durğunluq uzun müddət davam edərsə, qiymətlər orta hesabla 20 faizədək enə bilər. Ən çox satılan mənzillər isə kredit və ipoteka yolu ilə əldə edilənlərdir. Lakin yüksək qiymətlər ipoteka alan şəxslər üçün ciddi problemlər yaradıb. Bahalaşma ilkin ödənişlərin yüksəlməsinə, aylıq ödənişlərin isə insanların ödəmə qabiliyyətini aşmasına səbəb olur”.

Elnur Fərzəliyev hesab edir ki, bazarda qiymətlərin sabitləşməsi mənzil almaq istəyənlərin vəziyyətinə müsbət təsir göstərə bilər: “Dövlətin tətbiq etdiyi güzəştli mənzil layihələri bazarda balans yaradan vacib amildir. Bu layihələrin davamlı və geniş miqyasda həyata keçirilməsi əmlak bazarında qiymətlərin stabilləşməsinə, hətta enməsinə gətirib çıxara bilər. Çünki dövlət proqramları çərçivəsində təklif olunan mənzillər bazar qiymətlərindən xeyli ucuzdur və bu, ümumi bazar tendensiyasına təsirsiz ötüşmür.”

Günel Elxan