“ABŞ Rusiyanı Avropa üzərində təzyiq vasitəsi kimi istifadə edir” Gündəm

“ABŞ Rusiyanı Avropa üzərində təzyiq vasitəsi kimi istifadə edir”

“Rusiya–Ukrayna müharibəsinə yalnız Moskvanın qərarı kimi baxmaq artıq kifayət etmir. Məsələ daha geniş geosiyasi mübarizənin tərkib hissəsinə çevrilib. Son illərdə formalaşan dinamika göstərir ki, Vaşinqton Putin hakimiyyətini nəzarətdə saxlamaq üçün müharibəni Moskvanın “məcburi seçiminə” çevirib. Tramp administrasiyası açıq şəkildə Rusiyanı iqtisadi və siyasi cəhətdən elə bir çərçivəyə salıb ki, Kreml savaşdan geri çəkilməyi strateji məğlubiyyət kimi görür. Ölən və yaralananların ümumi sayının bir milyona yaxınlaşdığı, iqtisadi itkilərin trilyonlarla ölçüldüyü bir prosesin yenə də davam etdirilməsi Moskvanın “öz istəyi ilə” verdiyi qərar təsiri bağışlamır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

Ə.Əlibəyli deyib ki, müharibə Rusiyanın deyil, ABŞ və Çin arasında gedən böyük güc mübarizəsinin Rusiya üzərində oynanan partiyasıdır: “Pekin prosesin içində olsa da, oyunun gedişinə qəti şəkildə nəzarət edə bilmir və bu masada əvvəlki təsir gücü göründüyündən daha zəifdir. Rusiya kənardan Çindən asılı görünür, lakin daha dərinə gedəndə Moskvanın real strateji asılılığının ABŞ-dən ormalaşdığı ortaya çıxır. Dünya valyuta sistemi ABŞ dollarının nəzarətindədir, enerji qiymətlərini Nyu-York bazarları müəyyən edir, qlobal texnologiya və informasiya infrastrukturu Amerikanın əlindədir, Rusiyaya tətbiq olunan sanksiyaların sərtliyi isə birbaşa Vaşinqtonun qərarlarından asılıdır”.

Onun bildirdiyinə görə, Çin Rusiyaya müəyyən dəstək versə də, ABŞ-nin sanksiya, maliyyə, enerji və texnologiya alətlərinin yanında Pekinin imkanları çox məhdud qalır: “Bu arada həm ABŞ, həm də Rusiya üçün hədəf eyni olaraq qalır: Avropa. ABŞ Rusiyanı Avropa üzərində təzyiq vasitəsi kimi istifadə edir, Rusiya isə öz imperial ambisiyalarını gerçəkləşdirməyə çalışır. Avropa isə qəribə şəkildə həm Rusiyanın, həm ABŞ-nin, həm də Çinin geosiyasi oyunlarında vasitəyə çevrilib. Makronun Pekinə tələsik səfəri, Çin rəhbərliyinin nümayişkaranə soyuqluğu və AB-nin strateji çaşqınlığı göstərir ki, qitənin üzərində dolaşan kabus realdır — bu kabus isə Trampın yenidən müəyyənləşdirmək istədiyi dünya nizamının xəbərçisidir”.

Röya İsrafilova