"Bu Ermənistan daxilindəki revanşistlərə ən tutarlı cavabdır” Gündəm

"Bu Ermənistan daxilindəki revanşistlərə ən tutarlı cavabdır”

Rusiyalı enerji eksperti Boris Martsinken erməni mediasına verdiyi müsahibədə qeyd edib ki, İrəvan Azərbaycandan potensial neft məhsulları idxalının iqtisadi səmərəliliyini ölçüb-biçməlidir.

Ekspert əlavə edib ki, bu, iqtisadiyyatın üstünlük təşkil etdiyi bir işdir. Logistik baxımdan əlverişlidir, amma təklif olunan qiymətlər və şərtlər, orada gizlədilən və dərhal görünməyən nələrinsə olub-olmadığını diqqətlə araşdırmaq lazımdır. Onun sözlərinə görə, Bakı neft emalı zavodu tam gücü ilə işləmir, çox güman ki, ağır neft tədarükü ilə bağlı Rusiya ilə razılığa gəlinəcək.

Azərbaycan hər hansı bir ölkəyə, o, cümlədən Ermənistana neft məhsullarının idxalı üçün Rusiyaya müraciət etməsinə ehtiyac varmı?, - sualı ilə politoloq Bakir Həsnbəyliyə müraciət etdik.

Politoloq bildirdi ki, Rusiyanı son vaxtlar narahat edən məsələlərdən biri də Azərbaycanın müstəqil siyasət yürütməsidir. Çünki Rusiya keçmiş possovet ölkələrini, o, cümlədən Azərbaycanı yanlış olaraq arxa bağçası hesab edir. Əslində isə bu belə deyil. Rusiya uzun illərdir ki, Ermənistanı ucuz neft və qazla təmin edir. Dünya birjalarında neftin və ya qazın qiymətinin zaman-zaman enib qalxmasına rəğmən Rusiya Ermənistan üçün müəyyən etdiyi rəqəmi dəyişməyib. Bu da Ermənistana təsir rıçaqlarının itirilməməsi üçündür.

Ermənistanın illik qaz idxalı təxminən 3 milyar kubmetrdir. Onun 87.7 faizini Rusiyadan, 12.1 faizini isə İrandan idxal edir. Bu ölkənin iqtisadiyyatının 70%-dən çoxu Rusiyadan asılıdır. Bundan başqa Ermənistanda neft, qaz, o, cümlədən elektrik alışı və satışı prosesini Rusiyanın “Rosneft” şirkətinin törəməsi olan “Rosneft Ermənistan” şitkəti həyata keçirir. Bu şirkət isə Paşinyanın ən böyük rəqiblərindən biri və hal-hazırda həbsdə olan “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyana məxsusdur. Paşinyan bilir ki, seçki öncəsi Rusiya ona bu istiqamətdə ciddi problem yarada bilər.

Əslində Ermənistan 2023-cü ilin 1 mayından, 4 mayına kmi belə problem yaşamışdı. Həmin vaxt Azərbaycan Xarici İşlər naziri C.Bayramovla, Ermənistan Xarici İşlər naziri A.Mirzoyan arasında iki ölkə arasındakı münaqişənin həlli ilə bağlı ABŞ-da müzakirələr gedirdi. Sözsüz ki, uzun illər regona nüfuz etmiş Rusiya onsuz keçirilən görüşdən razı qala bilməzdi. Azərbaycana təzyiq rıçaqları olmadığı üçün bütün imkanlarını Ermənistan üzərində sınamışdı. Təxminən 4 gün qaztəminatını dayandırmışdı.

Paşinyanın neft-qaz məhsullarını Azərbaycandan almaq istəyi də məhz bu amillərlə bağlıdır. Bu həm də Ermənistan daxilindəki revanşistlərin “Paşinyan Azərbaycana hər şeyi güzəştə getdi” iddialarına ən tutarlı cavabdır.

Cavid