“Hər üç tərəfin bu məsələdə yekdil fikrinin olacağını gözləmirəm” Gündəm

“Hər üç tərəfin bu məsələdə yekdil fikrinin olacağını gözləmirəm”

“Rusiya-Ukrayna sülh danışıqlarında maddələrin sayı artıq 20-yə endirilib. Gözlənti ondan ibarətdir ki, hələ bir az da endiriləcək”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloqun sözlərinə görə, düzdür, ABŞ müharibəni dayandırmaq istəyir, amma Avropa dövlətləri Ukraynaya ciddi təzyiqlə bunu saxlayırlar və Rusiyanın hərəkətləri də əslində sülh müqaviləsindən kənarlaşmanı bir az sürətləndirir: “Çünki Rusiya getdikcə əraziləri tutur. Demirəm böyük sürətlə tutur, çox zəif də olsa bunu həyata keçirir. Ona görə də inanmıram ki, Ukrayna bu qədər rahatlıqla Rusiyanın tutduğu ərazilərin onlarda qalmasına razılıq verə”.

S.Hümbətov əlavə edib ki, göstərilən maddələrdə faktiki olaraq Rusiya Ukraynanın işğalda tutduğu ərazilərini özündə saxlamağa çalışır: “Bu cür vəziyyət yaranır ki, işğal olunmuş Ukrayna əraziləri işğalla barışdırılmış bir vəziyyətdə Rusiyaya təhvil verilir. Bu da əslində beynəlxalq hüquqda mənfi baxımdan presedent yaradır. Ona görə də düşünürəm ki, bunu aradan qaldırmaq üçün böyük ehtimal kompromis məsələsini tələb edəcəklər. Amma hər vəziyyətdə ABŞ-nin, Ukraynanın, Rusiyanın, yəni hər üç tərəfin bu məsələdə yekdil fikrinin olacağını hələki gözləmirəm”.

Röya İsrafilova