“Müharibənin sonu parçalanma ola bilər” Gündəm

“Müharibənin sonu parçalanma ola bilər”

“Hazırda səsləndirilən planlar Ukraynanın iki yerə bölünməsi riski yaradır. Belə bir ssenaridə Ukraynanın şərqində Rusiya qüvvələri, mərkəz və qərb hissəsində isə Avropa qoşunları yerləşə bilər”.

Bu sözləri politoloq Əhəd Məmmədli XalqCəbhəsi.az-a açıqlaması zamanı bildirib”.

“Onun sözlərinə görə, bu halda sual yaranır: Ukrayna nə qazanacaq? Bu qədər itki, müharibə və inqilablar nəyə görə idi? Məqsəd Ukraynanı Rusiya ilə Avropa arasında bölmək idimi?”

Əhəd Məmmədli qeyd edib ki, əgər xarici qoşunların Ukraynaya yeridilməsi planlaşdırılırdısa, bu addım Rusiya hücuma başladığı ilk mərhələdə atılmalı idi:
“İndi isə Rusiya istədiyini böyük ölçüdə əldə etdikdən, Ukrayna isə tükənmiş vəziyyətə düşdükdən sonra bu cür təşəbbüslər irəli sürülür. Bu, Ukraynanın maraqlarına cavab vermir. Ukraynada artıq yarı-donmuş, kritik bir vəziyyət formalaşıb və bu mərhələdə atılan addımlar ölkəni daha da zəiflədir.
Ukrayna cəmiyyəti kifayət qədər ayıqdır və bu cür ssenariləri qəbul edəcək qədər sadəlövh deyil. Bu yol Ukraynanın faktiki parçalanmasına aparır”.

O, baş verənlərin Ukraynanın bir asılılıqdan çıxıb digər asılılığa düşməsi anlamına gəldiyini də bildirib:
“Rusiyanın təsirindən çıxıb Qərbin tam asılılığına keçmək nə xalq, nə də dövlət üçün uğur sayıla bilməz. Bu proseslərin nəticəsi əvvəlcədən proqnozlaşdırılırdı.Müharibənin əvvəlindən etibarən deyilirdi ki, proseslərin sonunda Ukrayna parçalanmış vəziyyətə düşə bilər. Təəssüf ki, indiki gedişat bu ehtimalları daha da gücləndirir”.

Günel Elxan