19:03
525
“Rusiya–Ukrayna müharibəsi təsadüfi proses deyil, ABŞ-ın uzunmüddətli qlobal strategiyasının nəticəsidir.”
Bunu Xalqcəbhəsi.az-a açıqlamasında politoloq Azad Məsiyev bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun hədəfi yalnız regional deyil, qlobal güc balansını öz xeyrinə dəyişməkdir: “ABŞ üçün əsas təhlükə mənbələri Rusiyanın hərbi gücü, Çinin iqtisadi potensialı və Avropanın maliyyə dayaq nöqtəsi olan avrodur.Bu üç element – Rusiya, Çin və avro – ABŞ-ın dominant mövqeyinə maneə hesab olunur. Münaqişənin uzanması Rusiyanı zəiflədir, Avropa iqtisadiyyatını tükəndirir və avronun qlobal valyuta statusunu sarsıdır.ABŞ-da siyasi hakimiyyətin kimdə olmasından asılı olmayaraq, bu strateji xətt davam etdirilir.
Demokrat da hakimiyyətdə olsun, respublikaçı da – məqsəd dəyişmir. Sadəcə taktiki gedişlər fərqlənir. Trampın açıqlamaları, Baydenin mövqeyi və Vaşinqtonun ümumi davranışı eyni strateji xəttin müxtəlif formalarıdır. Prezident Zelenski bu prosesdə müstəqil qərar verən siyasi fiqur kimi görünmür.Zelenskinin iradəsi məhduddur. O, Qərbdən, xüsusilə ABŞ-dan gələn siyasi xəttə uyğun hərəkət edir. Ona görə də danışıqlardan real nəticə gözləmək çətindir. Hazırkı mərhələdə münaqişənin dayandırılması real görünmür.Rusiyanın şərtləri qəbul edilməyincə, bu prosesin dayanacağına inanmıram. Avropa İttifaqı həmin şərtləri qəbul etmir, bu isə qarşıdurmanı dərinləşdirir. Münaqişənin uzanması isə ABŞ-ın geosiyasi maraqlarına xidmət edir.
Sonda Məsiyev qeyd edib ki, yaranmış vəziyyət yalnız regionu deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sistemini risk altına qoyur: “Bu, təkcə Rusiya–Ukrayna savaşı deyil, NATO ilə Rusiya arasında geosiyasi toqquşmanın mərhələsidir. Ukrayna isə sadəcə poliqona çevrilib”.
Günel Elxan