“Azərbaycan regionda güc sahibidir” Gündəm

“Azərbaycan regionda güc sahibidir”

“Azərbaycan regionda yeni reallığın əsas müəllifidir və artıq güc balansını özü müəyyən edir”

Bu sözləri politoloq Əli Mustafa Xalqcebhesi.az-a açıqlaması zamanı deyib.

Prezident İlham Əliyevin Ağdamdakı çıxışında səsləndirdiyi fikirlər ATƏT Minsk qrupunun uzun illər ərzində tutduğu mövqenin mahiyyətini tam üzə çıxarır:

“Yaklaşık 17 il müddətində Minsk qrupu Ermənistanla eyni yanaşmanı nümayiş etdirib. Onlar Azərbaycanı təslimçiliyə məcbur etməyə, işğalla barışmağa və torpaqların geri qaytarılmasından imtina etməyə sövq etməyə çalışıblar. Faktiki olaraq məqsəd Qarabağın azad olunması yox, işğalın legitimləşdirilməsi idi. Bu qurumun fəaliyyətində neytrallıqdan çox, açıq tərəfkeşlik müşahidə olunub. Müharibədən sonra da bu yanaşma tam dəyişməyib.
Rusiyanın sülhməramlı adı ilə Azərbaycan ərazisinə qoşun yerləşdirməsi, Fransanın ardıcıl şəkildə regionda fitnə mexanizmlərini işə salması hər kəsə məlumdur. Onlar yalnız Azərbaycan ordusunun real gücü ilə üz-üzə qaldıqdan sonra mövqelərini dəyişmək məcburiyyətində qaldılar. Reallığı qəbul etmələri məhz Azərbaycanın gücü sayəsində baş verdi.Azərbaycana qarşı təzyiqlər həmişə ədalətsiz yanaşma və ayrı-seçkilik fonunda həyata keçirilib.Ermənistan cinayətkar, işğalçı siyasət yürütməsinə baxmayaraq dəstək görüb, Azərbaycan isə haqlı mövqedə durmasına rəğmən təzyiqlərlə qarşılaşıb. 907-ci düzəlişdən tutmuş diplomatik basqılara qədər bütün addımlar bunun nəticəsidir. Bu gün də Zəngəzur dəhlizi məsələsində Rusiyanın təzyiq cəhdləri və İranın buna dolayısı mövqedən yanaşması bunun davamı sayıla bilər.Hazırda regiondakı yeni güc balansı Azərbaycanın formalaşdırdığı reallıq üzərində qurulur.
Azərbaycan öz gücü ilə ərazilərini azad edib və artıq regionda proseslərin istiqamətini müəyyən edən əsas aktora çevrilib. Türkiyə ilə strateji müttəfiqlik, Pakistanla əməkdaşlıq və türk dövlətləri ilə siyasi-hərbi münasibətlərin güclənməsi anti-Azərbaycan planlarının qarşısını alan ən mühüm faktordur”.

Sonda Əli Mustafa bildirir ki, gələcək təhlükəsizlik modeli beynəlxalq yox, regional əsasda qurulmalıdır:

“Dünya nizamı dəyişir, təhlükəsizlik mexanizmləri işləmir. Ona görə də Azərbaycan–Türkiyə–Pakistan xətti üzrə üçtərəfli əməkdaşlığın gücləndirilməsi regional təhlükəsizlik üçün açar rolunu oynaya bilər. Bu, həm sabitliyi təmin edəcək, həm də Azərbaycanı gələcək təhdidlərdən sığortalayacaq”.

Günel Elxan