“Yeni sığorta dərəcələri gəliri dəyişmir” Gündəm

“Yeni sığorta dərəcələri gəliri dəyişmir”

Neft-qaz sahəsinə aid olmayan qeyri-dövlət sektorunda 2500 manatadək əməkhaqqı alan işçilər üçün icbari tibbi sığorta haqlarının yeni dərəcələri praktik baxımdan həm işçilərin aylıq xalis gəlirlərinə, həm də işəgötürənlərin xərclərinə ciddi təsir göstərmir”

Bu sözləri iqtisadçı Akif Nəsirli Xalqcebhesi.az-a açıqlaması zamanı deyib.

Ekspertin sözlərinə görə, yeni yanaşmaya əsasən 2500 manatadək əməkhaqqı hissəsindən işçi tərəfindən 2 faiz, işəgötürən tərəfindən isə 2 faiz icbari tibbi sığorta haqqı tutulur:
“Faktiki olaraq bu, indiyədək tətbiq olunan yükə yaxın səviyyədədir və həmin maaş intervalında çalışanların əlinə keçən məbləğdə nəzərəçarpacaq azalma olmur. İşçilər üçün dəyişiklik daha çox texniki xarakter daşıyır və hesablamanın diferensiallaşdırılması ilə bağlıdır. Aylıq gəlirdə real itki yaranmır, əksinə, sistemin daha şəffaf qurulması uzunmüddətli perspektivdə sosial təminat mexanizmlərinə etimadı artırır.
2500 manatadək əməkhaqqı alan işçilər üzrə maliyyə yükü dəyişmir. Xərclərdə yeganə artım yalnız mühasibatlıq və əməkhaqqı proqramlarının yeni qaydalara uyğunlaşdırılması ilə bağlı texniki səviyyədə ola bilər. Sığorta ödənişlərinin artırılması nəzərdə tutulmur və əlavə kompensasiya mexanizmləri tətbiq edilmir.Beləliklə, bu dəyişikliklər nə işçilərin xalis gəlirlərini azaldır, nə də işəgötürənlərin ümumi əməkhaqqı xərclərini artırır. Əsas məqsəd hesablamanın strukturunu düzəltmək və gəlir pillələrinə uyğunlaşdırmaqdır. Bu, sistemin daha ədalətli və şəffaf qurulmasına xidmət edir”.

Günel Elxan