Bazarda süni bahalaşma: alıcılar zərər görür Gündəm

Bazarda süni bahalaşma: alıcılar zərər görür

Son vaxtlar bazarda məhsulların qiymətində qeyri-təbii artımlar müşahidə olunur ki, bu da həm alıcılar, həm də ölkənin iqtisadi sabitliyi üçün ciddi çağırışlar yaradır. Xüsusilə tikinti və daşınmaz əmlak sektorunda qiymətlərin süni şəkildə yüksəldilməsi alıcılara əlavə maliyyə yükü gətirir, bazarda rəqabət prinsiplərini pozur və yerli istehsalçılar üçün çətinliklər yaradır.

Ekspertlər qeyd edirlər ki, gömrük yığımlarında edilən dəyişikliklər qüvvəyə minməzdən əvvəl bəzi məhsullar anbarda saxlanılır, sonradan isə baha qiymətə satışa çıxarılır. Eyni zamanda, real olmayan fakturalarla formal alqı-satqılar həyata keçirilir və məhsullar süni şəkildə şirkətlər arasında əl dəyişdirərək qiymət şişirdilir. Bu cür halların qarşısının alınmaması alıcılarda etimadsızlıq yaradır və bazarın şəffaflığına mənfi təsir göstərir.

Mütəxəssislər vurğulayırlar ki, bu problemlərin həlli üçün yalnız bazar nəzarətinin gücləndirilməsi kifayət etmir. Yerli istehsalın inkişafı, vergi və sığorta güzəştlərinin tətbiqi, sosial mənzil layihələrinin genişləndirilməsi və ipoteka ilə uzunmüddətli kredit imkanlarının əlçatanlaşdırılması qiymət artımının təsirini yumşalda bilər. Eyni zamanda dövlət orqanlarının bazarda monitorinqi və süni qiymət artımına qarşı dərhal müdaxiləsi də vacibdir.

Belə yanaşmalar həm bazarda ədalətli qiymətlərin qorunmasına, həm də alıcıların əlavə maliyyə yükündən qorunmasına şərait yarada bilər və iqtisadi sabitliyin təmin edilməsinə töhfə verə bilər.

Qiymətlər niyə artır?

Məsələ ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən İqtisadçı ekspert Günay Hüseynova bildirib ki, gömrük yığımlarında dəyişikliklər qüvvəyə minməzdən əvvəl bazarda süni qiymət artımının və işbazlığın qarşısının alınması daha məqsədəuyğun olardı.

Onun sözlərinə görə, bəzi hallarda məhsullar anbarda saxlanılaraq sonradan baha qiymətə satışa çıxarılır, real olmayan fakturalarla formal alqı-satqılar həyata keçirilir, eyni məhsul müxtəlif şirkətlər arasında süni şəkildə əl dəyişdirərək qiyməti şişirdilir: “Bu cür halların qarşısının alınması Dövlət Vergi Xidmətinin nəzarət mexanizmləri çərçivəsində təmin edilməlidir. Gömrük yığımlarının artması fonunda tikinti bazarında qiymət artımının qarşısını almaq real mexanizmlər baxımından çətindir. “Tikinti sektorunda yüksək tələbat var və mənzil bazarında qiymətlər davamlı olaraq yüksəlir. Tələbat olduğu halda məhsulun qiymətinin 150 yox, 200 manat olması belə bazarda alıcının olmasına mane olmur.Tətbiq olunan rüsumlar idxal məhsullarına şamil edildiyi üçün əsas çıxış yolu yerli istehsalın inkişaf etdirilməsidir. Bu istiqamətdə yerli istehsalçılar üçün vergi və sığorta güzəştlərinin tətbiqi, eyni zamanda sosial mənzil layihələrinin genişləndirilməsi qiymət artımının təsirini qismən azalda bilər.

Alternativ bazarlara yönəlmənin isə real çıxış yolu olmadığını deyən G.Hüseynova əlavə edib ki, keyfiyyət amili və illərdir formalaşmış ticarət əlaqələrindən imtina sahibkarlar üçün asan deyil. İqtisadçı ekspert hesab edir ki, hazırkı mərhələdə ən real çıxış yolu ipoteka mexanizmlərinin və uzunmüddətli kredit imkanlarının genişləndirilməsidir: “Artan qiymətlər fonunda nağd ödənişlə daşınmaz əmlak almaq çətinləşib. Bu baxımdan yaxın dövrdə daha güzəştli ipoteka və kredit şərtlərinin tətbiqi zəruri görünür.”

Günel Elxan