Ağdərə: suverenlik, sabitlik və inkişaf nümunəsi Gündəm

Ağdərə: suverenlik, sabitlik və inkişaf nümunəsi

Prezident İlham Əliyevin Ağdərə rayonuna son səfəri həm regionun inkişaf perspektivləri, həm də Azərbaycanın strateji mövqeyi baxımından böyük əhəmiyyət daşıyır. Bu səfər, işğaldan azad olunmuş ərazilərdə dövlətin tam və qəti suverenliyini nümayiş etdirməklə yanaşı, bölgədə uzunmüddətli sabitlik, təhlükəsizlik və sosial-iqtisadi bərpa proseslərinin irəliləməsini simvolizə edir. Ağdərədə görülən infrastruktur işləri, şəhərin baş planı, enerji və sənaye layihələri, həmçinin Böyük Qayıdış proqramının mərhələli icrası, əraziyə qayıdan vətəndaşlar üçün real ümid və təhlükəsiz yaşayış imkanlarını təmin edir.

Səfər həmçinin regionda idarəetmə və koordinasiya qabiliyyətinin yüksəldilməsini nümayiş etdirir. Yeni yol şəbəkələri, sənaye və enerji obyektləri, eləcə də mülki və hərbi infrastrukturun gücləndirilməsi bölgədə həyatın tam bərpası üçün əsas amillərdir. Ağdərədə yaşayan sakinlərlə səmimi dialoqlar, onların doğma yurdlarına qayıdış sevinci, həmçinin işğal dövründə məhv edilmiş torpaqların yenidən canlandırılması səfərin ideoloji və simvolik tərəfini də önə çıxarır.

Beləliklə, Prezident İlham Əliyevin Ağdərə səfəri yalnız konkret layihələrin icrasını yox, həm də bölgənin strateji, iqtisadi və sosial baxımdan yenidən qurulmasının aydın simvolunu təşkil edir. Bu səfər həm dövlətin işğaldan azad olunmuş ərazilərdə möhkəm mövqeyini nümayiş etdirir, həm də Böyük Qayıdış proseslərinin uğurla davam etdiyini bir daha təsdiqləyir.

“Böyük qayıdış”

Milli Məclisin deputatı Əli Məsimli “Xalq Cəbhəsi”nə açıqlamasında Prezident İlham Əliyevin Ağdərə rayonuna son səfərini strateji baxımdan mühüm hadisə kimi qiymətləndirib.

Deputat bildirib ki, Azərbaycanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi kontekstində Ağdərənin xüsusi əhəmiyyəti vardır və dövlət başçısının səfəri bu rolu bir daha təsdiqləyir: “Prezident səfər zamanı Ağdərədə görülən çoxşaxəli işlərlə tanış oldu. Ağdərə şəhərinin baş planı, Kolatağ kəndində dəmir filiz yatağının fəaliyyəti və Qozlukörpü kəndində su elektrik stansiyasının açılışı bu səfərin önəmli məqamlarıdır. Hər biri rayon və region üçün strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev sakinlərlə görüş zamanı vurğuladı ki, son iki il ərzində antiterror əməliyyatlarından sonra 2023-cü ildən bölgədə həyat bərpa olunub. Beş il öncə işğal altında olan digər ərazilərdə köçkünlərin qayıdışı prosesi başlanmışdı. Bu gün artıq 73 min insan – həm keçmiş köçkünlər, həm də azad edilmiş ərazilərdə işləyən və təhsil alan vətəndaşlar – bölgədə yerləşiblər. Hər ay Qarabağa qayıdanların sayı artır. Ağdərə şəhəri də yenidən qurulacaq; artıq 9 kənd abadlaşdırılıb və bu proses davam etdiriləcək. İşğal dövründə bölgədə qanunsuz talançılıq aparılıb.Dəmir filiz yatağından təxminən 2 milyard dollar dəyərində mis aparılıb. İndi biz qayıtmışıq, burada işlər qurulur və təqribən 1000 iş yeri yaradılacaq. Tapşırıq verilib ki, iş yerlərində yerli sakinlər çalışsınlar və bölgəyə əlavə sərmayə yatırılacaq”.

Əli Məsimli səfərin strateji əhəmiyyətini vurğulayaraq bildirib: “Prezidentin Ağdərə səfəri rayonun bərpası, yenidənqurma və Böyük Qayıdış proseslərinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu səfər həm məhsuldarlığı, həm də rayonun inkişaf perspektivlərini genişləndirməsi ilə diqqət çəkir və Ağdərənin yenidən həyatın mərkəzinə çevrilməsinin əyani nümunəsidir”.

Tarixi səfər

Deputat Elnarə Akimova qeyd edib ki, Prezident İlham Əliyevin Ağdərə rayonuna son səfərini həm siyasi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirib.

Onun sözlərinə görə, səfər dövlətin işğaldan azad olunmuş bütün ərazilərdə tam və qəti suverenliyinin praktik təsdiqidir: “Prezidentin Ağdərədə olması göstərir ki, Azərbaycan yalnız hərbi və siyasi nəzarəti deyil, həm də idarəetmə, planlaşdırma və uzunmüddətli inkişaf proseslərini birbaşa həyata keçirir. Bu həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış aydın mesajdır: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir və bu reallıq dönməzdir. Səfər həmçinin regionun bərpası və sosial-iqtisadi dirçəlişi ilə bağlı mühüm mesaj daşıyır. Aparılan işlərlə tanışlıq, infrastruktur layihələrinin icrası və yaşayış məntəqələrinin yenidən qurulması Böyük Qayıdış proqramının mərhələli və planlı şəkildə reallaşdırıldığını göstərir.Məcburi köçkünlər üçün bu, doğma yurdlarına qayıdışın artıq sadəcə vəd olmadığını, icra mərhələsində olan dövlət siyasəti olduğunu nümayiş etdirir”.

Elnarə Akimova həmçinin səfərin təhlükəsizlik baxımından önəmini qeyd edib:“Yeni infrastruktur və yol şəbəkələri, həmçinin hərbi və mülki koordinasiyanın gücləndirilməsi regionda uzunmüddətli sabitlik və təhlükəsizlik mühitinin formalaşmasına xidmət edir. Bu, Böyük Qayıdışın əsas şərtlərindən biridir.”

Deputat səfərin ideoloji və simvolik tərəfini də xüsusi vurğulayıb: “Ağdərə kimi uzun illər işğal altında qalmış bir rayonda Prezidentin iştirakı milli qürurun, tarixi ədalətin bərpasının və postmünaqişə dövründə yeni inkişaf mərhələsinin rəmzidir. Xüsusi anlardan biri, yaşlı xanımın dövlət başçısı ilə səmimi söhbəti oldu. Onun titrək səsində torpaq itkisi, gözlərində isə qayıdışın sevinci hiss olunurdu. Bu dialoq rəsmi protokoldan daha çox insan taleyinə toxunan məqam kimi yadda qaldı.

Prezident İlham Əliyevin Ağdərə səfəri bərpa, təhlükəsizlik və Böyük Qayıdış proseslərinin bir-birini tamamlayan strateji xətt üzrə irəlilədiyini açıq şəkildə nümayiş etdirir”.

Günel Elxan