
“Prezident İlham Əliyevin Ağdərə rayonuna son səfəri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və inkişaf strategiyasının real nəticələr verdiyini bir daha göstərir”.
Bu fikirləri deputat Naqif Həmzəyev “Xalqcəbhəsi.az”-a açıqlaması zamanı deyib
Onun sözlərinə görə, bu səfər təkcə infrastrukturun yenidən qurulması deyil, eyni zamanda təhlükəsizlik mühitinin möhkəmləndirilməsi və “Böyük Qayıdış”prosesinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlinin qoyulması dövlətin işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyi prioritet hesab etdiyini açıq şəkildə ortaya qoyur. Bu addım hüquq-mühafizə orqanlarının bölgədə daimi fəaliyyətini təmin etməklə yanaşı, sakinlərin öz doğma yurdlarına təhlükəsiz şəkildə qayıtması üçün mühüm zəmanət yaradır. Bu, eyni zamanda dövlətin həmin ərazilərdə uzunmüddətli və davamlı mövcudluq planlarının göstəricisidir.Prezident İlham Əliyevin Ağdərə şəhərinin Baş planı ilə tanışlığı bərpa prosesinin təsadüfi deyil, strateji planlaşdırma əsasında aparıldığını təsdiqləyir. Baş plan şəhərin sistemli inkişafını, müasir infrastrukturun qurulmasını, yaşayış məntəqələrinin beynəlxalq standartlara uyğun salınmasını və sosial-iqtisadi obyektlərin düzgün yerləşdirilməsini nəzərdə tutur. Dövlət başçısının Aşağı Oratağ kəndində Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşməsi mühüm sosial və siyasi mesajdır. Prezidentin vətəndaşlarla birbaşa ünsiyyəti onların problemlərinin və ehtiyaclarının ən yüksək səviyyədə dinlənildiyini göstərir. Uzun illər məcburi köçkün həyatı yaşamış insanların öz torpaqlarına qayıdarkən dövlət başçısının şəxsən yanlarında olması ciddi mənəvi dəstəkdir”.
Naqif Həmzəyev Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlığın səfərin iqtisadi tərəfini ön plana çıxardığını vurğulayıb: “Bu cür sənaye müəssisələri regionda yeni iş yerlərinin yaradılmasına, yerli iqtisadiyyatın canlanmasına və əhalinin daimi məskunlaşmasına mühüm töhfə verir. Bu, bölgənin artıq bərpa mərhələsindən inkişaf mərhələsinə keçdiyini göstərir.Prezident İlham Əliyevin Ağdərə səfəri Azərbaycanın postmüharibə dövrü strategiyasının uğurla həyata keçirildiyini təsdiqləyir. Təhlükəsizlik, infrastruktur, iqtisadi inkişaf və sosial məsələlərə kompleks yanaşma Böyük Qayıdış prosesinin davamlı və dayanıqlı şəkildə reallaşması üçün möhkəm əsas yaradır. Bu səfər eyni zamanda beynəlxalq ictimaiyyətə də açıq mesajdır ki, Azərbaycan öz ərazilərinin bərpasını ardıcıl və qətiyyətli şəkildə davam etdirir”.
Günel Elxan