Yaxın Şərqdə eskalasiya təhlükəsi
21 Yanvar 23:43

Ermənistanda son dövrlər baş verən siyasi proseslər ölkənin daxili siyasi gündəmindən daha çox, xarici güclər arasında gedən geosiyasi qarşıdurmanın açıq təzahürünə çevrilib. Müşahidələr göstərir ki, mövcud hakimiyyətin Qərb dairələrinin dəstəyi ilə formalaşması, paralel olaraq Rusiyaya yaxın çevrələrin yeni siyasi layihələrlə aktivləşməsi ölkəni böyük güclərin maraq toqquşmasının mərkəzinə çevirib.
Politoloqların fikrincə, Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyət Qərbin regional maraqlarına uyğun siyasət həyata keçirir, “Güclü Ermənistan” Partiyası ətrafında cəmləşən qüvvələr isə Moskvanın təsir imkanlarını qorumaq məqsədi daşıyır. Bu vəziyyət Ermənistan cəmiyyətində siyasi qütbləşməni daha da dərinləşdirir və ölkənin gələcək taleyinin daxili ictimai iradədən çox, hansı geosiyasi mərkəzin üstünlük qazanacağından asılı olduğunu göstərir. Xüsusilə 2026-cı ildə keçiriləcək seçkilər fonunda bu qarşıdurmanın daha kəskin mərhələyə keçəcəyi istisna edilmir.
Ermənistan üzərindən Cənubi Qafqaz planları
Politoloq Azad Məsiyev “Xalq Cəbhəsi” nə açıqlamasında deyib ki, Ermənistan tarixən müstəqil və suveren dövlət kimi deyil, üçüncü dövlətlərin təsir aləti kimi fəaliyyət göstərib.
Onun sözlərinə görə, Ermənistanın siyasi sistemi və hakimiyyət mexanizmləri heç vaxt milli maraqlara əsaslanmayıb, əksinə, müxtəlif xarici güclərin təsiri altında formalaşıb: “Bu gün Ermənistanda fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti müstəqil ideoloji xəttə malik deyil. Onlar ya Qərb, ya da Rusiya kimi böyük geosiyasi mərkəzlərin təsir dairəsində fəaliyyət göstərirlər. Nikol Paşinyanın hakimiyyətə gəlişi də bu prosesin açıq nümunəsidir. Paşinyan Soros fonduna yaxın dairələrin maliyyə dəstəyi və ABŞ-nin diplomatik korpusunun ciddi yardımı ilə hakimiyyətə gətirilib. Hazırda isə açıq şəkildə Amerikanın maraqlarına uyğun siyasət həyata keçirir. Bu fakt Ermənistanın daxili siyasətinin xarici mərkəzlərdən idarə olunduğunu bir daha sübut edir. Ermənistan üzərindən Cənubi Qafqazda maraqlarını reallaşdırmaq istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Avropa İttifaqı, Rusiya, ABŞ və digər güclər Ermənistanı geosiyasi alət kimi istifadə etməyə çalışırlar. Bu da ölkə daxilində siyasi qütblərin formalaşmasına birbaşa təsir göstərir”.
Azad Məsiyev vurğulayıb ki, hazırda erməni lobbisinin Qərb qanadı ilə Rusiya yönümlü qanadı arasında ciddi qarşıdurma mövcuddur: “Bu mübarizə Ermənistanın gələcək taleyini müəyyənləşdirəcək. Ölkənin hansı geosiyasi qütbün orbitində qalacağı məhz bu savaşın nəticəsindən asılı olacaq. Ermənistanda real siyasi mübarizə daxili milli maraqlar üzərindən deyil, xarici güclərin maraqlarının toqquşması fonunda aparılır.
Ermənistan suveren dövlət kimi fəaliyyət göstərə bilmədiyi üçün xarici təsirlər həmişə həlledici olub. Bu geosiyasi qarşıdurma 2026-cı ildə keçiriləcək seçkilərdə daha açıq və kəskin şəkildə özünü göstərəcək”.
“Rusiya Ermənistan siyasətində fəallaşır”
Politoloq Elman Telmanoğlu qeyd edib ki, Ermənistanda Güclü Ermənistan Partiyasının qeydiyyata alınması ölkənin daxili siyasətində yeni mərhələnin başlanğıcından çox, köhnə güc mərkəzlərinin yenidən siyasi səhnəyə qaytarılması təsiri bağışlayır.
Onun sözlərinə görə, bu partiyanın Karapetyanı dəstəkləyən çevrələr tərəfindən formalaşdırılması onun spontan və sırf ictimai sifariş əsasında yaranmadığını açıq şəkildə göstərir: “Ermənistanın siyasi praktikasında yeni ad altında meydana çıxan bu cür partiyalar əksər hallarda üçüncü qüvvələrin maraqlarına xidmət edən layihələr olub. Güclü Ermənistan Partiyası da bu baxımdan istisna deyil. Karapetyan faktorunun önə çəkilməsi Paşinyan hakimiyyətinə real ideoloji alternativ yaratmaqdan daha çox, Ermənistanı yenidən köhnə, revanşist və asılı siyasi orbitə qaytarmaq cəhdi kimi qiymətləndirilməlidir. Bu proses daxili siyasi təşəbbüsdən çox, kənardan yönləndirilən siyasi layihə təsiri bağışlayır. Partiyanın arxasında Rusiyaya yaxın oliqarx və siyasi dairələrin, eləcə də regionda sabitlikdən deyil, gərginlikdə maraqlı olan qrupların dayanması ehtimalı yüksəkdir. Ermənistanın suveren qərarvermə imkanlarının zəiflədiyi bir dövrdə belə siyasi layihələr ölkə daxilində təzyiq aləti kimi işə salınır və hakimiyyətin geosiyasi kursuna təsir göstərmək üçün istifadə olunur”.
Elman Telmanoğlu qeyd edib ki, “Güclü Ermənistan”ın mövcud hakimiyyətə real alternativ olması ilə bağlı iddialar hazırda daha çox siyasi manipulyasiya xarakteri daşıyır: “Partiyanın nə geniş sosial bazası var, nə də cəmiyyət üçün cəlbedici və real çıxış yolu təklif edən proqramı mövcuddur. Paşinyana qarşı narazılıq olsa da, bu narazılığın avtomatik olaraq Karapetyan xəttinə yönələcəyi inandırıcı deyil. Bu partiya indiki mərhələdə hökuməti əvəzləyəcək siyasi güc yox, daha çox daxili siyasi sabitliyi pozmaq və prosesləri kənardan idarə etmək məqsədi daşıyan alət kimi çıxış edir.
"Güclü Ermənistan"ın perspektivi real siyasi rəqabətdən deyil, hansı geosiyasi mərkəz tərəfindən və nə dərəcədə dəstəklənəcəyindən asılı olacaq. Bir sözlə, Rusiya Ermənistanda baş verən siyasi və iqtisadi proseslərdən kənarda qalmaq istəmir”.
Günel Elxan