09:51
651
“Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi praktiki və siyasi baxımdan mümkün ssenari hesab olunmur. Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar statusa malikdir və onun beynəlxalq-hüquqi mövqeyi aydındır. Ərazinin statusunun dəyişməsi yalnız Qrenlandiya əhalisinin iradəsi, referendum və Danimarkanın razılığı ilə baş tuta bilər”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.
O qeyd edib ki, hazırkı siyasi reallıqlarda nə Kopenhagen, nə də Nuuk ABŞ-yə birləşmə ideyasını gündəmə gətirir: “ABŞ-nin Qrenlandiyaya marağı ilhaqdan çox geostrateji və hərbi xarakter daşıyır. Arktika regionu böyük güclər arasında rəqabətin mərkəzinə çevrilib və Vaşinqton bu bölgədə mövqelərini gücləndirməyə çalışır. ABŞ-nin Qrenlandiyada hərbi bazasının mövcudluğu da bu marağın praktik ifadəsidir”.
E.Telmanoğlu əlavə edib ki, digər tərəfdən, Qrenlandiya cəmiyyətində əsas siyasi müzakirə xətti ABŞ-yə birləşmə yox, müstəqillik perspektivi ətrafında formalaşır: “Bu da ilhaq ssenarisini daha da zəiflədir. Nəticə etibarilə, Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi real siyasi gündəm deyil. Daha real yanaşma ABŞ-nin Qrenlandiya üzərində təsir imkanlarını iqtisadi, hərbi və diplomatik alətlərlə artırmaq cəhdləri və Qrenlandiyanın gələcəkdə öz statusunu mərhələli şəkildə yenidən müəyyənləşdirməsidir”.
Röya İsrafilova