“Avropanın qərarları Tehrana ciddi mesajdır” Gündəm

“Avropanın qərarları Tehrana ciddi mesajdır”

“Əvvəllər də İrana qarşı bu kimi addımların atıldığının şahidi olmuşuq. İranda mövcud olan indiki rejim ümumiyyətlə Qərb dünyası ilə qarşıdurma vəziyyətindədir və beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qınanaraq təklənib”.

Bunu politoloq Zeynal Əmrəliyev XalqCəbhəsi.az-a açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, rejimin illərdir apardığı siyasət İranın beynəlxalq miqyasda izolə olunmasına səbəb olub:
“Xüsusilə son etiraz aksiyalarının vəhşicəsinə yatırılmasından sonra İran hakimiyyətinə münasibət daha da sərtləşib. Avropa Şurasının qəbul etdiyi qərarlar da onu göstərir ki, Dünya Birliyi Tehrandakı mövcud rejimlə barışmaq niyyətində deyil və onun həyata keçirdiyi repressiv siyasət cavabsız qalmayacaq. Bütün bu proseslərin fonunda qarşıdakı mərhələdə beynəlxalq birliyin İran rejiminə qarşı daha sərt mövqe nümayiş etdirməsi mümkündür. Lakin o vurğulayıb ki, proseslərin yekun nəticəsi əsasən ABŞ-nin mövqeyindən asılı olacaq.Donald Tramp administrasiyası dövründə İrandakı aksiyalara qarşı sərt ritorika sərgilənsə də, hətta rejim dəyişikliyi kimi iddialı niyyətlər səsləndirilsə də, bu xətt sonadək aparılmadı. Faktiki olaraq maksimum təzyiq mexanizmləri tam işə salınmadı”.

Politoloq əlavə edib ki, bu vəziyyət İran hakimiyyətinə etirazları qısa müddətdə dağıdaraq yenidən öz dominantlığını qorumaq imkanı verdi:
“Nəticə etibarilə rejim daxildə mövqelərini möhkəmləndirə bildi. Ancaq Avropa Birliyinin qəbul etdiyi son qərarlar müəyyən qədər rəsmi Tehranın islahatlara getməsinə səbəb ola bilər. Yaxın dövrdə bəzi edam qərarlarının təxirə salınması, eləcə də məhdud çərçivədə yumşalma siyasətinin aparılması mümkündür.
Lakin bu addımların davamlı və real nəticə verib-verməyəcəyi yenə də böyük güclərin, xüsusilə ABŞ-nin atacağı addımlardan asılı olacaq”.

Günel Elxan