Avropadan Rusiya qazına qadağa: Qərb istədiyinə nail olur? Gündəm

Avropadan Rusiya qazına qadağa: Qərb istədiyinə nail olur?

Avropa Rusiya qazına qadağa qoyub. Bildirilir ki, Rusiyadan Avropa Birliyinə mayeləşdirilmiş təbii qazın tədarükünə 2027-ci ilin əvvəlindən tam qadağa qoyulacaq.

Bu addımın Rusiya-Avropa İttifaqı münasibətlərinə, həmçinin Rusiya iqtisadiyyatına təsirləri necə olacaq?

“Xalq Cəbhəsi” mövzunu ekspertlərlə araşdırıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Avropa İttifaqı Rusiya ilə rəqabətdə, ya da Ukrayna müharibəsi kontekstində birbaşa qarşıdurmada gecikmiş qərarlar alır: “Bu isə Avropa Birliyinə üzv olan ölkələrin strateji mövqeyini zəiflədir. Ukrayna məsələsində Avropa İttifaqı ilə Rusiya münasibətləri diplomatik qarşıdurmadan sahədə birbaşa qarşıdurmaya keçəndə Avropa İttifaqı ilkin mərhələdə strateji şansı əldən buraxmaqla Rusiyanın güclənməsinə şərait yaratmış oldu: “Eyni zamanda, əlində olan iqtisadi təzyiq vasitələrini tədricən istifadə etməklə Rusiya iqtisadiyyatının yeni şəraitə adaptasiya olunmasına şans yaratmış oldu. Nəticədə, hazırkı vəziyyət yarandı”.

“Avropa bu məsələdə gecikir”

Deputat bildirib ki, indi isə yenə gecikmiş bir qərar alınır: “2027-ci ilə qədər Rusiyadan idxal edəcək sıxışdırılmış qazın Avropada tamamilə qadağan ediləcəyi bildirilir. Amma, əlbəttə ki, bu müddət ərzində Rusiya adekvat, ya da preventiv tədbirlər həyata keçirəcək. Bu da Rusiya iqtisadiyyatına avropalıların düşündüyü qədər ziyan vurmayacaq. Ona görə də mənə elə gəlir ki, qarşıdurma və ya münaqişə həm də fürsətlərin vaxtında və zamanında dəyərləndirilməsi hadisəsidir. Avropa isə bu məsələdə gecikir”.

“Münasibətlər qopma ərəfəsindədir”

Siyasi şərhçi Şəhla Cəlilzadə bildirib ki, Avropanı dəfələrlə enerji kəsintisi, “soyuq qış” ilə təhdid edən Rusiya ilə Avropa İttifaqı arasında münasibətlər qopma ərəfəsindədir: “Rusiyanın Ukraynada müharibəsi başlayandan dərhal sonra, 2022-ci ilin mayında Aİ özünün yeni enerji strategiyasını – REPowerEU planını bəyan etdi. Bu plan Avropanın Rusiya qazından və neftindən asılılığının mərhələli şəkildə azaldılmasını və 2027-ci il etibarilə tamamilə sıfırlanmasını özündə ehtiva edir. Belə ki, artıq 2022-ci ilin iyununda Nord Stream 2 layihəsi dayandırılmış, Nord Stream 1 vasitəsilə qaz ötürücülüyü azaldılmış, 2025-ci ilin 1 yanvarından Ukrayna üzərindən Avropaya qaz ixracı tamamilə dayandırılmışdır. Hazırda Rusiya qazı Avropaya Türkiyə üzərindən, TurkStream ilə ötürülməkdədir ki, bunun da 2027-ci ilin sonunda başa çatacağı nəzərdə tutulur. Rusiyadan maye qaz (LNG) idxalına isə 2027-c ildən tam qadağa qoyulacaq. Planın komponentləri arasında Rusiya qazının əvəzinə bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, həmçinin digər ölkələrlə ənənəvi enerji əməkdaşlıqlarının genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və s. qeyd oluna bilər”.

“2026 həlledici ildir”

O deyib ki, 2026-cı il Avropada müharibənin başa çatması və yeni nizamın formalaşması baxımından həlledici ildir: “2027-ci ildən artıq biz yeni reallıqlarla qarşı-qarşıya olacağıq. Birincisi, Rusiya-Ukrayna müharibəsinin başa çatması və 2027-ci ildən Ukraynanın Avropa İttifaqına üzv olaraq qəbul edilməsi gözlənilir. İkincisi, Avropa ilə Rusiya arasında yaranacaq yeni sərhədlərlə, hətta bufer - hərbsizləşdirilmiş, beynəlxalq sülhməramlıların yerləşdirildiyi zona ilə yanaşı Avropanın Rusiya ilə qopan münasibətləri həm də enerji sektorunu əhatə edəcək. Beləliklə, bu münasibətlər əvvəlki ilə müqayisədə sadəcə coğrafi olaraq deyil, siyasi-iqtisadi, mədəni-sosioloji anlamlarda da çox daha məsafəli olacaq və Rusiya daha çox qlobal Cənubla əməkdaşlığa yönələcək”.

“Ölkəmiz Avropa üçün daha da böyük əhəmiyyət kəsb edəcək”

Ş.Cəlilzadənin bildirdiyinə görə, bu fonda ölkəmiz Avropa üçün daha da böyük əhəmiyyət kəsb edəcək: “Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır və Cənub Qaz Dəhlizi ilə Avropanı hazırda illik 13 milyard kub metr qaz ilə təmin edir. 2022-ci ilin iyulunda imzalanmış enerji strateji tərəfdaşlıq sənədinə əsasən bu rəqəm 2027-ci ildə 20 milyard kub metr olacaq. Yeni yataqların kəşfi, mövcud yataqların istehsal gücünün artırılması ilə yanaşı Azərbaycanı Avropa üçün cəzbedici edən həm də onun trans-Xəzər enerji layihələri və tranzit qabiliyyətidir. Belə ki, Şərqlə Qərb arasında tranzit əlaqəsi sadəcə nəqliyyat sahəsində deyil, həmçinin enerji sahəsində təsis olunmaqdadır və bu, ölkəmizin strateji əhəmiyyətini artırır”.

“Sanksiyalar hissə-hissə tətbiq edilir”

“2022-ci ildə ABŞ və Avropa tərəfindən Rusiyaya sanksiyalar tətbiq edildikdən sonra mən birmənalı şəkildə bu sanksiyaların Rusiyanı çökdürəcəyini ifadə etmişdim. Sadəcə bu, zaman məsələsidir” söyləyən iqtisadçı Eldəniz Əmirov əlavə edib ki, sanksiyalar Rusiyaya elə bir formada tətbiq edilir ki, bu, bir orqanizmin venasını kəsmək yox, kapilyarlarını kəsməkdir: “Yəni kapilyarlarını kəsərək bir orqanizmin sonuna çatmaq cəhdidir. Çünki sanksiyalar hissə-hissə olunur, az-az olunur, hətta müəyyən hallarda sanksiyalardan yayınmağa imkan da yaradılır. Məhz buna görə də prinsip olaraq Rusiya uzun müddətdir ki, öz maliyyə daxilolmalarını, yəni ölkənin iqtisadi dayanıqlığını qoruya bilir. Amma tam qorumur və getdikcə zəifləyir”.

“Rusiyaya kapilyar strategiyası tətbiq edilir”

İqtisadçı bildirib ki, son dönəmlərdə isə Rusiyanın kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə, sanksiyaların sərtləşdirilməsi bir daha onu göstərir ki, strategiya həqiqətən də kapilyar strategiyasıdır: “Yəni bir orqanizmi venadan daxil olaraq qansızlaşdırmaq deyil, kapilyarlar vasitəsilə buna nail olmaqdır. Bunu obrazlı ifadə edirəm, amma inanın bu, belədir. Artıq proses sonuncu mərhələyə gəlib çatıb. Yəni bu gün Venesuelada, İranda, Qrenlandiyada baş verənlər bunların hər biri Rusiya məsələsidir. Bu, İran, Qrenlandiya, Venesuela məsələsi deyil, həm də Rusiya məsələsidir. Çünki Rusiyanın Arktikada dayaqlarını laxlatmaq üçün Qrenlandiyada ABŞ mövcud olmalıdır. Yəqin ki, olacaq”.

“Qərb istədiyinə nail olacaq”

E.Əmirov əlavə edib ki, ABŞ rəqiblərinin, o cümlədən də Amerika qitəsinin ABŞ-nin tam nəzarətində olması üçün Venesuela məsələsi həll olunmalıdır: “İran isə Rusiyaya bu və ya digər formada dəstək verən ölkədir. Yəni bütün hallarda biz Yer kürəsinin xəritəsini açıb baxmış olsaq görərik ki, həm cənubdan, həm şimaldan istiqamətlər gəlir Rusiya tərəfə toplanır. Yəni bu, Rusiyanı əhatələmək məsələsidir. Bütün bunların da iqtisadi nəticəsi bu, olacaq ki, Rusiya müharibəni davam etdirmək üçün maliyyə qaynaqlarından məhrum olunacaq, ya da yetəri qədər olmayacaq. Nəticədə, Qərb birmənalı şəkildə istədiyinə nail olacaq”.

Röya İsrafilova