19:10
805
“Almaniya kansleri Fridrix Merzin “Avropa birləşsə, dünyanı dəyişdirəcək” fikri mövcud geosiyasi və iqtisadi reallıqlar fonunda daha çox utopik xarakter daşıyır”.
Bu fikirləri millət vəkili Azər Badamov Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, Avropa Birliyi uzun illərdir öz milli və institusional maraqlarına uyğun müstəqil siyasət yürütməkdə çətinlik çəkir və nəticədə mövcud imkanlarını kənar güclərin təsiri altına verib: “Hazırda dünyada iqtisadi, müdafiə və texnoloji sahələrdə ciddi güc balansı dəyişiklikləri baş verir. Qlobal proseslərdə əgər bir tərəf öz üstün mövqeyindən düzgün istifadə etmirsə, digər oyunçular bu boşluğu sürətlə doldurur. Bu gün Avropa İttifaqında da məhz belə bir proses müşahidə olunur. İqtisadi güc mərkəzi tədricən Avropadan ABŞ-a və Çinə doğru dəyişir. Avropa Birliyinin Rusiyadan alınan ucuz xammal və enerji resurslarından imtina etməsi birlik daxilində istehsal sahələrinin zəifləməsinə, bəzi hallarda isə tam dayanmasına səbəb olub. Bu qərarlar mal və xidmətlərin qiymətlərinin artmasına, Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinin azalmasına gətirib çıxardı. Nəticədə daha ucuz və çevik texnoloji imkanlara malik Çin qlobal bazarlarda üstün mövqe qazandı.
Xüsusilə Çin avtomobil və yüksək texnologiyalar sənayesinin sürətli inkişafı Avropa İttifaqının gələcək perspektivləri üçün ciddi risklər yaradır. Digər tərəfdən, ABŞ müdafiə və təhlükəsizlik məsələlərində Avropanı NATO çərçivəsində ayırdığı vəsaiti ÜDM-in 5 faizinə qədər artırmağa məcbur edib. Avropa Birliyi müdafiə xərclərini artırsa da, hələ də dayanıqlı və müstəqil təhlükəsizlik sistemini formalaşdıra bilmir”.
Millət vəkilinin fikrincə, Avropa Birliyinin illərdir apardığı yanlış və asılı siyasət onun üzərində ABŞ-ın siyasi və hərbi təsirini daha da gücləndirib: “Bu reallıqlar fonunda Avropanın ‘dünyanı dəyişmək’ iddiası daha çox siyasi şüar təsiri bağışlayır”.
Günel Elxan
19:20
938
13:41
1 855
12:43
1 596