Qlobal güc balansında Avropanın yeni sınaqları Gündəm

Qlobal güc balansında Avropanın yeni sınaqları

Avropa İttifaqı son illər həm daxili siyasi parçalanmalar, həm də qlobal güc balansında baş verən dəyişikliklər fonunda ciddi sınaqlarla üz-üzədir. Brexit prosesi ilə başlayan geosiyasi ayrılmalar, ABŞ–Avropa münasibətlərində yaranan gərginliklər, təhlükəsizlik və müdafiə sahəsində artan qeyri-müəyyənlik Avropanın gələcək strateji kursunu sual altına alıb.

Bir tərəfdən Avropanın özünü müstəqil güc mərkəzi kimi formalaşdırmaq cəhdləri müşahidə olunur, digər tərəfdən siyasi iradə çatışmazlığı, liderlik boşluğu və iqtisadi asılılıqlar bu prosesin qarşısında ciddi maneələr yaradır. İqtisadi rəqabət qabiliyyətinin zəifləməsi, enerji siyasətindəki səhvlər və qlobal güclərin – xüsusilə ABŞ və Çinin – təsirinin artması Avropanı strateji seçim qarşısında qoyur: ya vahid siyasi iradə formalaşdıraraq yeni mərhələyə keçmək, ya da mövcud proseslərin diktə etdiyi reallıqlarla barışmaq.

“Avropada siyasi iradə problemi”

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlamasında millət vəkili Hikmət Babaoğlu söyləyib ki, əslində, avropalı siyasətçilər Böyük Britaniyanın Avropa İttifaqından çıxması – "Brexit" prosesi zamanı Avro-Atlantika məkanında ciddi geosiyasi ayrılmanın baş verəcəyini əvvəlcədən proqnozlaşdırmalı idilər.

Deputatın sözlərinə görə, nəticə etibarilə Avro-Atlantika məkanı avrosentristlər və avroatlantikacılar olmaqla iki əsas cərəyana bölünüb və hadisələrin bu cür inkişafı gözlənilən idi: “Lakin həmin dövrdə Avropada uzaqgörən siyasi liderlərin olmaması səbəbindən Avropa ölkələri ABŞ-nin təhlükəsizlik çətiri altından çıxmaq üçün nə siyasi iradə, nə də cəsarət nümayiş etdirdilər. Onlar bir növ iqtisadi rifahlarının bir hissəsindən imtina etməyə məcbur oldular.

Hadisələrin sonrakı inkişafı Anqlo-Sakson İttifaqının strateji düşüncə tərzinin digər Avropa ölkələrindən köklü şəkildə fərqləndiyini ortaya qoydu.

Bu strategiya daha çox uzunmüddətli perspektivə hesablanıb və gəldiyimiz nöqtədə biz avrosentrist cərəyanın əsas liderlərindən biri olan Almaniyanın federal kanslerinin səsləndirdiyi reallıqlarla üz-üzə qalmışıq. Avrosentrist xəttin digər aparıcı lideri isə Fransadır. Hazırda Avropa yeni təhlükəsizlik arxitekturasını məhz avrosentrist məntiq üzərində formalaşdırmağa çalışır.

Bu gün səsləndirilən konseptual və fəlsəfi açıqlamalar da onu göstərir ki, Avropa artıq özünü ayrıca bir güc mərkəzi kimi dünyaya təqdim etməyə hazırlaşır”.

Deputatın fikrincə, Avropanın bu məqsədlərə çatması realdır və bu, hətta orta müddətli perspektivdə mümkün görünür: “Yetər ki, Avropada Avropanı ayrıca güc mərkəzi kimi təqdim edəcək siyasi iradə formalaşsın. Avropanın iqtisadi imkanları və sənayeləşmə səviyyəsi buna tam əsas verir. Əgər ümumi təhlükəsizlik üçün ÜDM-in 5 faizi yox, hətta 8 faizi xərcləmək cəsarəti göstərilsə, yaxın 10 ildə tamamilə fərqli bir Avropa mənzərəsi ilə qarşılaşa bilərik.

Hazırda Avropada müşahidə olunan lidersizlik fonunda əsas sual məhz bu siyasi qətiyyətin olub-olmamasıdır.Mən hesab edirəm ki, bu istiqamətdə artıq müəyyən addımlar atılır. Lakin Avropanın qəti qərar verməsi üçün təxminən 3 ilə ehtiyac var. Üç ildən sonra ABŞ-nin Avropaya münasibətlərində kəskin dönüş baş verərsə, tamamilə fərqli bir mənzərənin şahidi ola bilərik. Əks halda isə indiki proseslər yeni və fərqli bir reallıq formalaşdıracaq”.

"Güc mərkəzi statusunu itirir”

Millət vəkili Azər Badamov diqqətə çatdırıb ki, Almaniya kansleri Fridrix Merzin “Avropa birləşsə, dünyanı dəyişdirəcək” fikri mövcud geosiyasi və iqtisadi reallıqlar fonunda daha çox utopik xarakter daşıyır.

Deputatın sözlərinə görə, Avropa Birliyi uzun illərdir öz milli və institusional maraqlarına uyğun müstəqil siyasət yürütməkdə çətinlik çəkir və nəticədə mövcud imkanlarını kənar güclərin təsiri altına verib: “Hazırda dünyada iqtisadi, müdafiə və texnoloji sahələrdə ciddi güc balansı dəyişiklikləri baş verir. Qlobal proseslərdə əgər bir tərəf öz üstün mövqeyindən düzgün istifadə etmirsə, digər oyunçular bu boşluğu sürətlə doldurur. Bu gün Avropa İttifaqında da məhz belə bir proses müşahidə olunur. İqtisadi güc mərkəzi tədricən Avropadan ABŞ-yə və Çinə doğru dəyişir. Avropa Birliyinin Rusiyadan alınan ucuz xammal və enerji resurslarından imtina etməsi birlik daxilində istehsal sahələrinin zəifləməsinə, bəzi hallarda isə tam dayanmasına səbəb olub. Bu qərarlar mal və xidmətlərin qiymətlərinin artmasına, Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinin azalmasına gətirib çıxardı. Nəticədə daha ucuz və çevik texnoloji imkanlara malik Çin qlobal bazarlarda üstün mövqe qazandı.

Xüsusilə Çin avtomobil və yüksək texnologiyalar sənayesinin sürətli inkişafı Avropa İttifaqının gələcək perspektivləri üçün ciddi risklər yaradır. Digər tərəfdən, ABŞ müdafiə və təhlükəsizlik məsələlərində Avropanı NATO çərçivəsində ayırdığı vəsaiti ÜDM-in 5 faizinə qədər artırmağa məcbur edib. Avropa Birliyi müdafiə xərclərini artırsa da, hələ də dayanıqlı və müstəqil təhlükəsizlik sistemini formalaşdıra bilmir”.

Millət vəkilinin fikrincə, Avropa Birliyinin illərdir apardığı yanlış və asılı siyasət onun üzərində ABŞ-ın siyasi və hərbi təsirini daha da gücləndirib: “Bu reallıqlar fonunda Avropanın ‘dünyanı dəyişmək’ iddiası daha çox siyasi şüar təsiri bağışlayır”.

Günel Elxan