Üç müsəlman ölkəsinin hərbi ittifaqı: Avropa qorxu içində
4 Fevral 23:52

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri ilə görüşü ölkələrimiz arasında sülh prosesinə doğru atılmış mühüm və strateji addım kimi qiymətləndirilir. Bu görüş yalnız diplomatik əlaqələrin başlanğıcını təmin etmir, eyni zamanda artıq paraflanmış sülh müqaviləsinin imzalanmasına hazırlıq mərhələsi kimi də xarakterizə edilir.
Artıq xarici işlər nazirləri və parlamentlər səviyyəsində görüşlər baş tutub və Əbu-Dabi görüşü bu prosesin növbəti mərhələsini təşkil edir.
“Sülhə doğru addım…”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri ilə görüşünü böyük sülh müqaviləsinə doğru atılmış növbəti addım kimi qiymətləndirmək olar.
O qeyd edib ki, bu görüş ölkələrimiz arasında münasibətlərin yumuşalması, diplomatik əlaqələr və ortaq əməkdaşlıq üçün zəmin yaradacaq: “Şübhəsiz ki, sülh müqaviləsinin mətni artıq paraflanıb və şərtlər dəyişməz olaraq qalır. İmzalanması isə Ermənistanın keçirəcəyi Konstitusiya referendumundan sonra nəzərdə tutulur. Hesab edirəm ki, bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasını görə bilərik.
Müqavilənin imzalanması ilə yanaşı, qonşuluq münasibətlərinin normallaşdırılması və düşmənçiliyin aradan qaldırılması üçün diplomatik və iqtisadi sahədə də addımlar atılmalıdır. Bu baxımdan artıq xarici işlər nazirləri və parlamentlər səviyyəsində görüşlər baş tutub və Prezident İlham Əliyevin Əbu-Dabi görüşündən sonra hökumətlərarası və parlamentlərarası münasibətlərdə daha bir istiləşmə müşahidə oluna bilər.
Zamanla kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin fəaliyyəti və digər strateji məsələlər müzakirə ediləcək. Əbu-Dabi görüşünü Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin 44 günlük müharibədə qazandığı hərbi qələbənin diplomatik meydanda uğurlu davamı kimi qiymətləndirmək olar”.
“Sülh gündəliyi irəliləyir”
Deputat Əli Məsimli vurğulayıb ki, fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş sülh gündəliyinə və əməkdaşlığın genişlənməsinə xidmət edən çox mühüm addımdır.
O qeyd edib ki, görüşdə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və keçən ilin avqustunda Vaşinqtonda paraflanmış sülh sazişinin icrası üçün görüləcək işlər ətrafında geniş müzakirələr aparılıb: “Abu-Dabi görüşünü Vaşinqton razılaşmasının dünyaya nümayişi və onun sistemli şəkildə həyata keçirilməsi baxımından da qiymətləndirmək olar. Bu görüş həm diplomatik əməkdaşlığı, həm də regionda dayanıqlı sülhün möhkəmlənməsini təmin edən konstruktiv addımdır.
Hər iki tərəf görüşü uğurlu və zəruri hesab edir. ABŞ vitse-prezidentinin regiona gözlənilən səfərləri ərəfəsində baş tutması isə görüşün strateji əhəmiyyətini daha da artırır. Abu-Dabi görüşü, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə doğru növbəti mərhələ və dialoqun davamlı olmasına xidmət edən vacib hadisə kimi qiymətləndirilə bilər”.
Siyasi şərhçi Alim Nəsirov isə diqqətə çatdırıb ki, Əbu-Dabidə keçirilən görüş göstərir ki, Bakı ilə İrəvan arasında dialoq artıq formal təmaslar mərhələsindən çıxaraq konkret siyasi nəticələrə hesablanmış müzakirələr müstəvisinə keçməkdədir: "Sülh müqaviləsi layihəsinin paraflanması tərəflərin üzərinə yeni məsuliyyət qoyur və prosesi geri dönməz edir. Azərbaycan bu mərhələdə mövqeyini dəyişmədən saxlayaraq normallaşmanın əsas şərtlərini açıq şəkildə ortaya qoyur və praktiki addımlarla sülh niyyətini nümayiş etdirir. Bu addımlar regionda sabitliyin yalnız bəyanatlarla deyil, real davranışlarla formalaşdırılmalı olduğunu göstərir və prosesin ağırlıq mərkəzini Ermənistanın atacağı qərarlara yönəldir.
Görüşdə humanitar, ictimai və iqtisadi əlaqələrin gündəmə gətirilməsi sülh prosesinin uzunmüddətli xarakter daşıdığını göstərən mühüm siqnaldır. Vətəndaş cəmiyyəti, parlamentlər və iqtisadi strukturlar arasında əlaqələrin qurulması qarşılıqlı etimadın institusional əsaslar üzərində formalaşmasına xidmət edir. Lakin bu istiqamətdə real irəliləyiş üçün siyasi-hüquqi maneələrin aradan qaldırılması həlledici olaraq qalır. Əgər normallaşma prosesi konkret hüquqi dəyişikliklər və qarşılıqlı öhdəliklərlə müşayiət olunarsa, Əbu-Dabi görüşü regionda yeni mərhələnin başlanğıcı kimi tarixə düşə bilər".
Günel Elxan