"Beynəlxalq ədalət dünən Bakıda bir daha öz təcəllisini tapdı" Gündəm

"Beynəlxalq ədalət dünən Bakıda bir daha öz təcəllisini tapdı"

“Bakıda hökm oxunan şəxslərin böyük əksəriyyəti Azərbaycan xalqına qarşı müharibə cinayətlərinə rəhbərlik etmiş şəxslərdir. Söhbət separatçı rejimin ilk liderlərindən olan Arkadi Qukasyandan gedir. O, separatçıların əzazil rəhbərlərindən, eləcə də beynəlxalq narkoticarətin əsas simalarından biridir. Həmçinin Bako Sahakyan. Vaxtilə Ermənistanda belə bir söhbət eşidilirdi ki, Serj Sarkisyandan sonra Ermənistanda Bako Sahakyan hakimiyyətə gətiriləcək. Həmçinin Azərbaycana qarşı müharibə cinayətləri törətmiş Araik Arutyunyan və Xocalı faciəsində iştirak etmiş hərbiçilər, mülki şəxslər. Yəni söhbət bu şəxslərdən gedir. Bu şəxslərə Bakıda məhkəmə prosesində hökmün oxunması beynəlxalq ədalətin bərpası üzərindən çox böyük bir qələbədir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev söyləyib.

Siyasi şərhçi vurğulayıb ki, beynəlxalq ədalət dünən Bakıda bir daha öz təcəllisini tapdı: “Bu, dünya mediasında da çox geniş şəkildə işıqlandırıldı. Azərbaycan öz gücü hesabına özünə qarşı cinayət işləyən şəxslərə faktiki olaraq hökm kəsərək dünyada beynəlxalq hüququn necə işlədiyini bir daha göstərdi. Bu, bir daha bütün separatçılara, digər ölkələrdə olan terrorizm himayəçilərinə də bir mesaj idi ki, bunu etmək olmaz. Gec-tez həmin ölkələr Azərbaycan kimi sizi tutaraq həbs edib məhkum edə bilərlər. Bakının bu davranışı beynəlxalq hüquqda yeni bir presedent yaratdı və hüququn təsdiq olunmasına gətirib çıxardı”.

Röya İsrafilova