Qüdrət Həsənquliyev qanun layihəsi ilə bağlı təkliflərlə çıxış edib Gündəm

Qüdrət Həsənquliyev qanun layihəsi ilə bağlı təkliflərlə çıxış edib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib, “Uşaq hüquqları haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb.
Xalqcəbhəsi.az
xəbər verir ki, millət vəkili bildirib:
“Hörmətli sədr, qonaqlar, həmkarlar! Əlbəttə, qanun layihəsi üzərində böyük iş aparılıb. Mən İşçi Qrupun üzvlərinə minnətdarlığımı bildirirəm. Amma qeyd etmək istəyirəm ki, qanun daha çox deklarativ xarakter daşıyır. Bir çox maddələrdə konkretləşməyə çox böyük ehtiyac var. Misal üçün, qanunda bir çox hallarda dövlətin vəzifələri xüsusilə qeyd olunanda deyilir ki, təhlükəsizliklə bağlı tədbirlər görür, sağlamlıqla bağlı müvafiq proqramlar həyata keçirir, istirahətlə bağlı, o cümlədən digər məsələlərlə bağlı. Amma burada konkretliyə çox böyük ehtiyac var. Mənim sadəcə olaraq qeyd etmək istədiyim birinci oxunuşun tələblərinə uyğun olaraq ondan ibarətdir ki, - əvvəllər də bu məsələni Milli Məclisin iclasında qaldırmışam - Azərbaycanda uşaqların boyu orta Avropa göstəricilərindən aşağıdır və çox təəssüf ki, bu tendensiya davam edir. Əlbəttə, burada genetika çox mühüm rol oynayır, səhiyyə xidməti, o cümlədən fiziki aktivlik. Amma bunlarla yanaşı, ən mühüm məsələ qidalanmadır. Uşaqların lazım olan vitaminlərlə, yüksək kalorili yeməklərlə təmin olunmasında ölkədə ciddi problemlər var. Ona görə də məktəblərdə uşaqlara yemək verilməsinə, özü də keyfiyyətli yemək verilməsinə ehtiyac var. Əlbəttə, ailələrə müəyyən yardımlar edilir, amma valideynlər onu uşaqların qidalanmasına sərf etməyə də bilirlər. Mən əvvəllər də söyləmişəm ki, valideynlər bir çox hallarda uşaqların qidalanmasına sərf edəcəyi vəsaiti kəsib gələcəkdə onlar hansısa peşəyə yiyələnsinlər deyə bunu repetitorlara verirlər ki, uşaqları universitetlərə hazırlasın. Baxmayaraq ki, Azərbaycanda orta təhsil pulsuzdur, amma repetitorsuz universitetlərə daxil olmaq mümkün deyil”.

Millət vəkili əlavə edib: “Mənim toxunmaq istədiyim digər bir məsələ uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlıdır. Dəfələrlə Parlamentdə məsələ qaldırmışam ki, məktəblərin ətrafında, əslində, qəzet köşkü adlansa da siqaretlər satılır, məktəblərin ətrafında kafelərdə, çayxanalarda uşaqlara spirtli içki xidməti göstərilir, qəlyan satılır və çox təəssüf ki, müvafiq dövlət orqanları tərəfindən bu istiqamətdə heç bir tədbir görülmür. Baxmayaraq ki, Reklam haqqında qanun və digər qanunlarla bu qadağandır. O cümlədən təhsil müəssisələri də bunun qarşısının alınması istiqamətində addımlar atmır.
Toxunmaq istədiyim digər bir məsələ təhlükəsizliklə bağlı məsələdir. Bu yaxınlarda biz İdrak liseyində bir hadisənin, ağır cinayətin şahidi olduq. Mən mətbuatda oxudum, əlbəttə, mən deyə bilmərəm bu nə qədər doğrudur. Məktəbin rəhbərliyi bilirmiş ki, bu uşaq zorakılığa meyillidir və zorakılığı təbliğ edən materialları digər uşaqlara da internet üzərindən yayır. Məktəbin rəhbərliyi məlumat verib ki, biz bu barədə uşağın valideynlərinə məlumat vermişdik. Amma niyə aşağıda video lentlərdən də göstərilir ki, təhlükəsizlik xidmətinin əməkdaşlarına bu barədə məlumat verilməyib ki, bu uşağı xüsusilə yoxlayın. O uşağın çiynindəki (silahla məktəbə daxil olanda) məktəbli çantası deyil. Amma iki nəfər təhlükəsizlik xidmətinin əməkdaşları heç əhəmiyyət də vermirlər. Dayanıblar başqa istiqamətə baxırlar, söhbət edirlər. Sonra polisə bu barədə məlumat verilməyib. İngilis dilində bullinq deyilir, artıq beynəlxalq terminə çevrilib.
Bəzən məktəblərdə o xuliqan uşaqlar psixoloji baxımdan zəif, fiziki imkanları məhdud uşaqları incidirlər. Gələcəkdə bu uşaqlar bir çox hallarda potensial cinayətkar olurlar. Ona görə də əgər ilk növbədə valideyninə məlumat verilirsə və tədbir görülmürsə bu barədə mütləq polisə məlumat verilməlidir. Xüsusi olaraq onların siyahısı tutulmalıdır və onlar nəzarət altında saxlanılmalıdırlar.
Başqa bir məsələ, biz burada qeyd edirik ki, 15 yaşına qədər uşaqlar ağır işlərə cəlb oluna bilməz, amma tutaq ki, 15 yaşına çatmış uşaq işləmək istəyirsə, o, işi necə tapsın? Onun üçün də xüsusi portal yaradılmalıdır, məşğulluq idarələri bununla xüsusi qaydada məşğul olmalıdırlar. Dövlət orqanları bu istiqamətdə onlara kömək etməlidirlər. Bir də Bakıda çoxlu velosiped yolları çəkildi, digər avtomobillərin hərəkəti məhdudlaşdı, çətinləşdi. Amma mən bunu alqışladım və hesab edirəm ki buna çox böyük ehtiyac var. Ancaq uşaqlara balaca vaxtlarından velosiped sürmək öyrədilməlidir. Hesab edirəm ki, o istiqamətə qanunda müvafiq qeydiyyatlar aparmaq olar”.