Qarabağda törədilən cinayətlər: ədalətli hökm Gündəm

Qarabağda törədilən cinayətlər: ədalətli hökm

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşları barəsində yekunlaşan məhkəmə prosesi Qarabağ münaqişəsi ilə bağlı illərdir səsləndirilən iddiaların hüquqi əsaslarla təsdiqləndiyi mühüm mərhələ kimi qiymətləndirilir. Açıq məhkəmə iclaslarında araşdırılan sübutlar, şahid ifadələri və təqsirləndirilən şəxslərin verdiyi etiraflar göstərib ki, Qarabağda baş vermiş hərbi əməliyyatlar təsadüfi silahlı qrupların fəaliyyəti deyil, Ermənistan Respublikasının birbaşa nəzarəti və iştirakı ilə həyata keçirilmiş sistemli işğal siyasətinin tərkib hissəsi olub.

Məhkəmə prosesində səslənən faktlar Ermənistanın işğalçı dövlət kimi rolunu hüquqi müstəvidə ortaya qoymaqla yanaşı, Xocalı soyqırımı da daxil olmaqla Azərbaycan xalqına qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərin cəzasız qalmadığını nümayiş etdirir. Ekspertlər bu prosesi təkcə fərdi məsuliyyətin müəyyənləşdirilməsi deyil, beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyalarının və beynəlxalq məhkəmə presedentlərinin milli hüquq müstəvisində tətbiq olunduğu tarixi hadisə kimi dəyərləndirirlər.

Hərbi planlar

Deputat Fazil Mustafanın diqqətə çatdırıb ki, məhkəmə prosesi bir çox məsələləri artıq aşkara çıxarıb və birbaşa Ermənistanı işğalcı dövlət kimi ortaya qoyub.

O vurğulayıb ki, separatçıların digər ölkələrlə birbaşa əlaqəsi mümkün olmadığı üçün bütün təchizat və yardımlar Ermənistan vasitəsilə həyata keçirilib: “Bir çox hallarda Ermənistandan gələn şəxslərin aparıcı rol oynaması bu faktı bir daha təsdiqləyir. Kəlbəcərlə bağlı çıxarılan qətnamədə də açıq şəkildə göstərilib ki, Ermənistan Silahlı Qüvvələrinin müəyyən qolları işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Qarabağ özünümüdafiə qurumu kimi təqdim etsə də, əslində bu qüvvələr Ermənistan ordusunun tərkibində olub. Hərbi planlar Ermənistan Müdafiə Nazirliyində hazırlanıb və müəyyən hallarda maaşlar belə Ermənistan dövləti tərəfindən ödənilib. Bu məhkəmə prosesi Ermənistanın dövlət olaraq rolunu beynəlxalq səviyyədə üzə çıxarmağa imkan verir və Azərbaycan istənilən vaxt beynəlxalq hüquq çərçivəsində Ermənistanın Azərbaycana vurduğu zərərin ödənilməsini tələb edə bilər".

“Xocalıya ədalət bərpa edildi”

Millət vəkili Azay Quliyev qeyd edib ki, Ermənistan vətəndaşları barəsində yekunlaşan məhkəmə prosesi və çıxarılan hökm təkcə ayrı-ayrı cinayətkarların cəzalandırılması deyil, tarix, hüquq və beynəlxalq ədalət baxımından əsl dönüş nöqtəsidir.

Onun fikrincə, uzun illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, müharibə cinayətləri, sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi kimi ağır əməllər beynəlxalq müstəvidə ya görməzdən gəlinib, ya da siyasi ikili standartların qurbanına çevrilib: “Azərbaycan dövləti bu məhkəmə prosesi ilə göstərdi ki, ədalət gecikə bilər, amma heç vaxt itmir. Bu məhkəmə prosesi nə revanşizm, nə də qisas xarakteri daşıyır. Bu, hüququn aliliyinin bərpasıdır. Bu, beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyalarının və Nürnberq prinsiplərinin milli hüquq müstəvisində tətbiqinin real nümunəsidir.

Çıxarılan hökm onilliklərdir “Xocalıya ədalət” deyə dünyaya səslənən Azərbaycan xalqının səsinin nəhayət eşidildiyi tarixi məqamdır.

Bu qərar Xocalı soyqırımı ilə bağlı insanlığın vicdanındakı qara ləkənin silinməsi baxımından son dərəcə önəmlidir. Hökm oxunan şəxslər yalnız fərdi cinayətlərə görə deyil, təşkilatlanmış, planlı və sistemli hərbi təcavüzün, beynəlxalq cinayətlərin icraçıları və ideoloqları kimi məsuliyyətə cəlb olunublar. Bu əməllər bir xalqın tarixinə, mövcudluğuna və ləyaqətinə qarşı yönəlmişdi”.

Azay Quliyev xüsusi olaraq qeyd edib ki, məhkəmə prosesində etnik mənsubiyyətə və ya siyasi baxışlara görə deyil, konkret əməllərə, faktlara və sübutlara əsaslanan hökm çıxarılıb: “Bu qərar beynəlxalq ictimaiyyətə açıq mesajdır. Müharibə cinayətləri zaman tanımır, siyasi himayə cinayət məsuliyyətindən azad etmir və qurbanların haqqı sonsuzadək tapdalana bilməz.Ermənistan vətəndaşlarının törətdikləri cinayətlərə görə cavab verməsi nifrət və yeni qarşıdurma yaratmır, əksinə, ədalət üzərində qurulan davamlı sülhün mümkün olduğunu göstərir. Davamlı sülh yalnız həqiqətin tanınması və cinayətin cəzasız qalmaması ilə mümkündür”.

Hüquqi faktlar

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, açıq məhkəmə prosesində araşdırılan faktlar və təqsirləndirilən şəxslərin verdiyi ifadələr Qarabağ ərazisində baş vermiş hərbi əməliyyatlar və onların nəticələri baxımından Ermənistan Respublikasının roluna dair kifayət qədər aydın təsəvvür yaradır: "Bu, əvvəlki siyasi bəyanatlardan fərqli olaraq, məhkəmədə təsdiqlənmiş hüquqi faktlara əsaslanır".

O vurğulayıb ki, məhkəmədə səslənən məlumatlar, şahid ifadələri və təqsirləndirilən şəxslərin açıqlamaları göstərir ki, söhbət yalnız dolayı təsirdən və siyasi dəstəkdən getmir, konkret olaraq dövlət səviyyəsində həyata keçirilmiş nəzarət və idarəetmədən gedir: “Məhkəmə materialları sübut edir ki, qondarma rejim və onun silahlı strukturları Ermənistan Silahlı Qüvvələrinin ümumi hərbi sistemi çərçivəsində təşkil olunub, kadr təyinatları İrəvanda razılaşdırılıb, maddi-texniki təminat Ermənistan ordusunun resursları hesabına həyata keçirilib və əməliyyatların ümumi planlaşdırılması bu struktur üzərində real və davamlı nəzarətin mövcudluğunu təsdiqləyir. Ermənistan Hərbi Komissarlığı tərəfindən əsgər çağrışa gəlmiş şəxslər Qarabağda xidmətə göndərilib, məhkəmə prosesində və Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatlar da göstərir ki, birbaşa nəzarət Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilib. Bu sistem beynəlxalq məhkəmələrdə əməllərin dövlətə aid edilməsi üçün əsas meyar hesab olunur”.

O xatırladıb ki, Çıraqov qardaşları ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da açıq göstərilib ki, Azərbaycan Qarabağ ərazisi Ermənistanın nəzarəti altında olub və bütün hərbi və silahlı qüvvələr orada Ermənistanın nəzarəti altında fəaliyyət göstərib: “Levon Mnatsakanyan tərəfindən səsləndirilən açıqlamalar göstərir ki, qondarma rejimin silahlı qüvvələri müstəqil hərbi birlik kimi çıxış etməyib, faktiki olaraq Ermənistan Silahlı Qüvvələrinin struktur elementi olub. Bu etiraflar yerli müqavimət və ya özünün müdafiə qüvvələri iddialarını tamamilə zəiflədir. Məhkəmədə digər faktlar da göstərir ki, Arayik Arutyunyanın Ermənistan ordusuna hərbi xidmət keçməsi və Bako Saakyanın Şuşanın işğalı zamanı iştirak etməsi sübut edir ki, qondarma rejimin rəhbər şəxsləri müstəqil siyasi fiqurlar deyil, Ermənistanın hərbi-siyasi qərarlarını yerinə yetirən icraçı subyektlər kimi fəaliyyət göstəriblər. Bu faktlar əvvəlki iddialara uyğun gəlmir. Nəticə etibarilə, məhkəmə faktları hüquqi qənaətə gətirir ki, Ermənistan Respublikası Qarabağ ərazisində həyata keçirilmiş işğal siyasətinə və baş vermiş müharibə cinayətlərinə görə beynəlxalq hüquq baxımından məsuliyyətdən kənarda qala bilməz. Qondarma rejim isə müstəqil hüquqi subyekt deyil, işğal siyasətinin çətiri rolunu oynayan konstruksiyadır. Bu qiymətləndirmə siyasi ritorikadan yox, məhkəmə araşdırması zamanı üzə çıxan faktların hüquqi təhlilindən irəli gəlir”.

Günel Elxan