20:48
546
“Region–paytaxt fərqinin aradan qaldırılması üçün regional iqtisadi siyasətdə daha balanslı və uzunmüddətli yanaşmaya ehtiyac var”.
Bunu Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun fikrincə ilk növbədə bölgələrdə iqtisadiyyatın şaxələndirilməsi gücləndirilməlidir: “Bir çox rayonlarda iqtisadi fəaliyyət əsasən kənd təsərrüfatı ilə məhdudlaşır. Aqrar sahə ilə yanaşı emal sənayesi, logistika, turizm və kiçik istehsal müəssisələrinin yaradılması təşviq olunmalıdır. Yerli xammalın bölgədə emal edilməsi əlavə dəyər yaradar və yeni iş yerlərinin açılmasına şərait yaradar.Dövlət investisiyalarının bölgələr üzrə daha ədalətli bölüşdürülməsi vacibdir. İnfrastruktur – yollar, enerji, su təminatı və rəqəmsal imkanlar gücləndirilmədən biznesin inkişafı mümkün deyil. Xüsusilə rəqəmsal infrastrukturun yaxşılaşdırılması regionlarda distant iş və innovativ fəaliyyət imkanlarını artıra bilər.
Kiçik və orta sahibkarlığa dəstək mexanizmləri sadələşdirilməli və əlçatan olmalıdır. Vergi güzəştləri, aşağı faizli kreditlər və biznes inkubasiya proqramları regionlarda fəaliyyət göstərən sahibkarlar üçün cəlbedici mühit yaradacaq. Yerli təşəbbüslərin dəstəklənməsi iqtisadi fəallığı artırar və paytaxtdan asılılığı azaldar”.
A.Nəsirli qeyd edib ki, peşə təhsili və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı da mühüm istiqamətdir: “Regionlarda gənclərin müasir bacarıqlara yiyələnməsi üçün təlim mərkəzləri və peşə məktəbləri inkişaf etdirilməlidir. Bu, həm yerli müəssisələrin kadr ehtiyacını qarşılayar, həm də gənclərin miqrasiyasını azaldar.Eyni zamanda, regional idarəetmədə daha çox səlahiyyət və maliyyə müstəqilliyi verilməsi yerli problemlərin daha çevik həllinə imkan yarada bilər. Yerli icra strukturlarının təşəbbüskar fəaliyyəti iqtisadi canlanmanı sürətləndirər.Bütün bu addımlar kompleks və ardıcıl şəkildə həyata keçirildiyi təqdirdə regionlarla paytaxt arasında sosial-iqtisadi fərq azalacaq və ölkə daxilində daha balanslı inkişaf təmin olunacaq”.
Günel Elxan
21:54
413
21:34
420
21:26
427