"Azərbaycan Qəzzaya dəstək məsələsində faydalı iştirakını ortaya qoyar” Gündəm

"Azərbaycan Qəzzaya dəstək məsələsində faydalı iştirakını ortaya qoyar”

“Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirak edib. Tədbir zamanı ABŞ Prezidentinin bir neçə dəfə Azərbaycan Prezidentinə xitab etməsi çox mühüm və bariz nümunədir ki, Azərbaycan Prezidenti sülh gündəliyinin əsas təşəbbüskarı və fəal təşviqatçılarından biri kimi dünyada artıq çox yüksək səviyyədə tanınmış bir liderdir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli söyləyib.

Ə.Məsimli qeyd edib ki, eyni zamanda, həmin tədbir zamanı Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin təmasları bir daha göstərdi ki, tərəflər Qarabağ ətrafında gedən proseslərə birdəfəlik son qoyub sülh sazişinə doğru hərəkət etməkdə çox israrlıdırlar və siyasi iradə ortaya qoyurlar: “Bu isə öz növbəsində Azərbaycan Prezidentinin həm də qlobal sülhün və təhlükəsizliyin təmin olunmasında artan rolunun çox yaxşı bir göstəricisidir”.

Qəzzaya dəstək məsələsi ilə bağlı danışan deputat vurğulayıb ki, Azərbaycan Prezidenti bu məsələyə hələ öncədən öz münasibətini bildirib: “Mən də Prezidentin həmin mövqeyini dəstəkləyirəm. Əsasən Azərbaycan öz böyük təcrübəsinə əsaslanaraq Qəzzada həyata keçirilən humanitar missiyada və sərmayə qoyuluşu layihələrində öz zəngin təcrübəsindən istifadə edərək həm çox fəal, həm də faydalı şəkildə iştirakını ortaya qoyar. Hesab edirəm ki, bu xətt daha faydalı olar və ümumiyyətlə, Azərbaycanın Qəzzada həyata keçirilməyə başlanan tədbirlərə böyük töhfəsi olmuş olar”.

Röya İsrafilova