“Danışıqlar yekunlaşmadan liderlər masaya oturmaz” Gündəm

“Danışıqlar yekunlaşmadan liderlər masaya oturmaz”

“Hazırkı şəraitdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi ehtimalı kifayət qədər aşağıdır”.

Bunu politoloq Oqtay Qasımov “Xalqcebhesi.az”-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, belə bir görüş yalnız o halda mümkün ola bilər ki, tərəflər prinsipal məsələlər üzrə razılığa gəlsinlər və müzakirə üçün yalnız liderlərin qərar verməli olduğu müəyyən nüanslar qalsın: “Bu tip görüşlər adətən danışıqlar prosesinin yekun mərhələsində baş tutur. Yəni əsas məsələlər əvvəlcədən razılaşdırılır, liderlər isə sadəcə bu razılaşmaları siyasi səviyyədə təsdiqləyirlər. Hazırda tərəflər arasında xüsusilə ərazi məsələləri ilə bağlı mövqelər ciddi şəkildə fərqlənir və bu ziddiyyətlər hələlik uzlaşdırıla bilmir. Məhz bu səbəbdən indiki mərhələdə belə bir zirvə görüşünün real nəticə verməsi ehtimalı olduqca zəifdir. Hətta nəzəri baxımdan belə bir görüş baş tutsa belə, onun uğurla yekunlaşacağını demək çətindir”.

Oqtay Qasımovun fikrincə, Donald Trampın real nəticələr olmadan görüşə qatılmamaq mövqeyi də ABŞ-ın diplomatik yanaşmasından irəli gəlir. Amerika Birləşmiş Ştatları hesab edir ki, tərəflər bütün məsələləri əvvəlcədən razılaşdırmalı, danışıqlar faktiki olaraq yekunlaşmalı və liderlər masaya əyləşdikdə yalnız formal təsdiq mərhələsi qalmalıdır”.

Politoloq əlavə edib ki, bu yanaşma daha əvvəl digər beynəlxalq proseslərdə də müşahidə olunub: “ABŞ belə bir diplomatik uğuru həm beynəlxalq arenada nüfuzunun gücləndirilməsi, həm də Donald Trampın daxili siyasi gündəmində, xüsusilə aralıq seçkilər ərəfəsində siyasi dividendlər əldə etmək baxımından əhəmiyyətli hesab edir”.

Günel Elxan