19:02
553
“ABŞ Donald Tramp administrasiyası timsalında Rusiya–Ukrayna müharibəsinin tezliklə dayandırılması istiqamətində ciddi diplomatik cəhdlər göstərsə də, bu səylər hələlik real nəticə verməyib”.
Bu fikirləri Milli Məclisin deputatı Arzuxan Əlizadə Xalqcebhesi.az-a açıqlaması zamanı deyib.
Deputatın sözlərinə görə, Tramp hələ seçki dövründə müharibəni qısa müddətdə, hətta 24 saat ərzində dayandıra biləcəyini bəyan etsə də, prosesin real gedişi bu məsələnin nə qədər mürəkkəb olduğunu ortaya qoydu:
“Reallıq onu göstərdi ki, bu müharibəni təkcə danışıqlar yolu ilə qısa zamanda həll etmək mümkün deyil. Bu müddət ərzində bir neçə dəfə danışıqlar aparılıb və 2026-cı ilin əvvəlində iki raund Əbu-Dabi şəhərində keçirilib.Yanvarın 23–24-də və fevralın 4–5-də baş tutan görüşlər ABŞ-ın vasitəçiliyi ilə keçirilsə də, siyasi baxımdan ciddi nəticə əldə olunmadı. Yeganə konkret nəticə 134 hərbi əsirin mübadiləsi oldu. Daha sonra Cenevrə şəhərində keçirilən növbəti raund da faktiki olaraq nəticəsiz başa çatıb.
“Buna baxmayaraq, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff danışıqlarda müəyyən irəliləyişin olduğunu bildirsə də, bu irəliləyiş hələ ki konkret siyasi nəticələrdə öz əksini tapmayıb”.
A.Əlizadənin fikrincə, mövcud vəziyyət müharibənin yaxın zamanda dayanacağını deməyə əsas vermir və prosesin hələ bir müddət davam edəcəyi ehtimalı daha real görünür.
Günel Elxan