19:19
595
“Məşvərət Şurasının toplantısında müzakirə olunan məsələlər yalnız enerji sektoru ilə məhdudlaşmır, eyni zamanda qeyri-neft sektoru üçün də mühüm imkanlar yaradır”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, toplantı çərçivəsində Azərbaycanın ənənəvi enerji ixracatı ilə yanaşı, innovativ və alternativ enerji mənbələri əsasında ixrac modelinə keçidi də gündəmdədir: “Xüsusilə 2027-ci ildən etibarən Avropa bazarına alternativ enerji mənbələrindən əldə olunan enerji ilə daxil olmaq niyyəti ölkənin enerji ixracatında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Enerji sektorunun inkişafı daha çox valyuta gəlirlərinin formalaşmasına səbəb olmaqla yanaşı, bu gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi üçün də əlverişli zəmin yaradır”.
Onun fikrincə, enerji infrastrukturlarının genişləndirilməsi ümumilikdə iqtisadi imkanların artması, yeni layihələrin reallaşdırılması və xarici sərmayələrin cəlbi baxımından xüsusi əhəmiyyət daşıyır: “Məşvərət Şurasında müzakirə edilən məsələlərin yalnız ənənəvi enerji sahəsini deyil, ümumilikdə əməkdaşlıq və investisiya mühitini əhatə etməsi Azərbaycanın iqtisadi potensialının beynəlxalq müstəvidə təqdimatı baxımından mühüm göstəricidir. Toplantıda iştirak edən ölkələrin və şirkətlərin sayının çoxluğu bu prosesin təkcə enerji sektoruna deyil, eyni zamanda qeyri-neft sahələrinə də yeni inkişaf və əməkdaşlıq imkanları yaratdığını göstərir”.
Günel Elxan