
“İranın Naxçıvan beynəlxalq hava limanını vurulması ilə əlaqədar xəbərlər artıq bütün dünyada yayımlanır və baş vermiş təxribatla bağlı cənab Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Təxribata cənab Prezident tərəfindən hərtərəfli hüquqi qiymət verildi. Cənab Prezidentin də qeyd etdiyi kimi baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İranın üzərinə düşür”.
Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev söyləyib.
Deputat vurğulayıb ki, İran silahlı qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbələrinin endirilməsi molla rejiminin riyakarlığının və nankorluğunun göstəricisidir: “Bu, beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, regionda gərginliyin artmasına xidmət edir. Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasətdə Azərbaycan daim qonşuluq prinsiplərinə sadiq qalıb, ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün hansısa bir təhlükə olmayıb və yoxdur. Cənab Prezident İlham Əliyev hətta İranın ali dini liderinin ölümü ilə bağlı dərhal başsağlığı verdi, səfirliyi ziyarət etdi. Bütün dünyada belə bir hadisə baş vermədi ki, hansısa dövlət başçısı İranın səfirliyinə baş çəksin, başsağlığı versin. Azərbaycan heç vaxt ikili, riyakar siyasət yürütməyib, daim prinsipimiz ərazi bütövlüyümüz, suverenliyimizin qorunması və vətəndaşlarımızın rifahı olub. Bu istiqamətdə də daim qonşulara dəstək olub. Azərbaycan İrana humanitar yardım göndərməyi də planlaşdırırdı”.
A.Nağıyev bildirib ki, hadisə ilə bağlı Azərbaycanın hərbi və siyasi cavabı, Müdafiə Nazirliyinin bəyanatı, eyni zamanda, İran səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilməsi, ona nota təqdim olunması çox mühüm məsələdir: “Yəni siyasi və diplomatik addımlar atılır. Azərbaycan məsələni beynəlxalq təşkilatlara çıxara bilər. Diplomatik notaların verilməsi ilə bağlı regional müttəfiqlərlə təhlükəsizlik məsələsi nəzərdən keçirilə bilər. Hərbi cavab variantları nəzərdən keçirilə bilər. Cənab Prezident də öz çıxışında qeyd etdi. Sərhəddə operativ hərbi hazırlıq vəziyyəti artırılır. Bütün qoşunlara, xüsusi xidmət orqanlarına tapşırıq verilir. Hava hücumundan müdafiənin güclənməsi gündəmdədir. Belə hallarda siyasi və diplomatik kanalları işə salmağa üstünlük verməklə paralel olaraq biz təhlükəsizlik riskləri artarsa, hərbi tədbirlər də görməyə hazırıq”.
Deputat burada qonşularımızın da rolunun mütləq olduğunu diqqətə çatdırıb: “Türkiyə burada xüsusi rol oynayır. Qars müqaviləsi var. Türkiyə təhlükəsizliklə bağlı müəyyən siyasi məsuliyyət verir. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq var, bu çərçivədə strateji müttəfiqlik mövcuddur. Birgə təlimlər keçirə bilərik. Müdafiə sahəsində koordinasiyamız mövcuddur. Şuşa Bəyannaməsi var. Ona görə də bu səbəbdən Naxçıvana qarşı ciddi hər hansı hücum və yaxud hərbi təxribat olarsa, Ankara siyasi və təhlükəsizlik baxımından prosesə aktiv qoşula bilər. Bir daha qeyd etmək istəyirəm ki, bu, İranın molla rejiminin riyakar siyasətidir və onlar həm diplomatik, həm də digər sahədə layiqli cavablarını alacaqlar”.
Röya İsrafilova