“ABŞ dəstəyi İsrailin siyasətini gücləndirir” Gündəm

“ABŞ dəstəyi İsrailin siyasətini gücləndirir”

“Yaxın Şərqdə baş verən gərgin proseslər İsrailin regionda həyata keçirdiyi strateji siyasətlə bağlıdır”.

Bunu politoloq Azad Məsiyev Xalqcebhesi.az-a açıqlamasında deyib.

O bildirib ki, son dövrlərdə İsrail rəhbərliyinin “vəd olunmuş torpaqlar”la bağlı səsləndirdiyi fikirlər Yaxın Şərqdə daha böyük İsrail dövləti yaratmaq ideyasının gündəmdə olduğunu göstərir: “İsrail dövləti yarandığı vaxtdan etibarən öz ərazisini əsasən Fələstin torpaqları hesabına genişləndirib və bunu müxtəlif təhlükəsizlik və siyasi bəhanələrlə əsaslandırmağa çalışıb.Belə bir strategiya İsrailin region ölkələri ilə qarşıdurmaya girməsi deməkdir.İstər Suriya, istər Livan, istərsə də Yaxın Şərqin digər bölgələrində baş verən proseslər göstərir ki, İsrail müxtəlif bəhanələrlə bölgədə gərginlik yaradır. Terrorla mübarizə adı altında Fələstin torpaqlarını işğal edir, Suriyada müəyyən yüksəklikləri ələ keçirərək bufer zona ideyasını irəli sürür”.

Politoloq bildirib ki, İsrailin bu siyasəti ABŞ-ın siyasi və hərbi dəstəyi ilə həyata keçirilir. Onun sözlərinə görə, rəsmi Tel-Əviv bu dəstək olmadan regionda belə genişmiqyaslı siyasət yürütməkdə çətinlik çəkərdi: “Avropa İttifaqı isə əsasən bəyanatlar verməklə kifayətlənir və bu bəyanatların regiondakı proseslərə real təsiri olmur. Yaxın Şərqdə sabitliyin təmin olunması üçün yalnız diplomatik bəyanatlar kifayət etmir və daha təsirli beynəlxalq mexanizmlərin tətbiqinə ehtiyac var”.

Günel Elxan