“Ukrayna danışıqlarının tempi zəifləyə bilər” Gündəm

“Ukrayna danışıqlarının tempi zəifləyə bilər”

“Ukrayna Prezidentinin Rusiya–Ukrayna–ABŞ danışıqlarının təxirə salınması ilə bağlı verdiyi açıqlama Vaşinqtonun hazırda diqqətini əsasən İran məsələsinə yönəltdiyini göstərir”.

Bunu politoloq Oqtay Qasımov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ regionda yaranmış gərginlik və mümkün hərbi qarşıdurma səbəbindən siyasi və hərbi resurslarını əsasən bu istiqamətə səfərbər edib: “İranla qarşıdurmanın başlanmasından artıq 11 gün keçməsinə baxmayaraq, Tehran müqavimətini davam etdirir. ABŞ və İsrail tərəfi isə açıqlamalarında hədəflərinə planlı şəkildə irəlilədiklərini və növbəti mərhələdə daha güclü zərbələrin endiriləcəyini bildirirlər. Bu səbəbdən beynəlxalq gündəmin əsas diqqət mərkəzi də Yaxın Şərqdəki proseslərə yönəlib. Bu vəziyyət fonunda Rusiya–Ukrayna müharibəsi həm ABŞ, həm də beynəlxalq ictimaiyyət üçün müəyyən qədər ikinci plana keçmiş kimi görünür.Bu baxımdan hesab edirəm ki, Rusiya ilə Ukrayna arasında aparılan sülh danışıqlarının əvvəlki aylarda müşahidə olunan intensivliyi müəyyən qədər zəifləyə bilər. Qarşıdakı bir-iki ay ərzində bu istiqamətdə ciddi irəliləyişin şahidi olacağımız ehtimalı yüksək deyil”.

Politoloq əlavə edib ki, ABŞ İranla bağlı proseslərə nə qədər çox cəlb olunarsa, Vaşinqtonun Rusiya–Ukrayna müharibəsində vasitəçi kimi aktivliyi də bir o qədər azalacaq. Bu isə müharibənin dayanmasına deyil, əksinə, müəyyən müddət daha davam etməsinə gətirib çıxara bilər: “İran ətrafında yaranmış vəziyyət böyük ehtimalla qarşıdakı ay ABŞ prezidenti Donald Trumpın Çinə planlaşdırılan səfəri zamanı iki qlobal güc arasında aparılacaq danışıqlarda da müzakirə mövzularından biri olacaq. Regional münaqişələrin gələcək gedişinə həmin görüşlərin nəticələri də müəyyən təsir göstərə bilər”.

Günel Elxan